Orta məktəb şagirdləri fiziki cəhətdən həddindən artıq zəifdirlər.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev deyib.
O, qeyd edib ki, uşaqların, məktəbli şafirdlərin böyük əksəriyyəti arıq, çəlimsizdirlər.
“Bu yaxınlarda bir tədbirdə iştirak edirdim. Gördüyüm mənzərə məni çox üzdü, narahat etdi. Məktəb şagirdlərinin böyük əksəriyyəti arıq, çəlimsiz, zəif idilər. Sanki güclə ayaqda dayanırdılar. Çoxlarının da beli, qaməti əyilmiş vəziyyətdə, gözlərində də eynək var idi.
Mən bu məsələ ilə bağlı narahatlığımı parlament rəhbərliyinin də diqqətinə çatdırdım və qeyd etdim ki, bunlar çox ciddi və düşündürücü məsələdir. Bir daha bu məsələ ilə bağlı narahatlığımı dilə gətirərək qeyd edirəm ki, yetişməkdə olan nəslimizin, uşaqlarımızın sağlam böyüdülməsinə ciddi ehtiyac var, bu problemə çox diqqət yetirilməlidir. Bu məsələyə arxayın, barmaqarası yanaşmaz olmaz.
Həm orta məktəblər, təhsil müəssisələri, həm valideynlər, həm də digər aidiyyatı qurumlar birlikdə bu məsələnin çözümünə çalışmalıdırlar”, – deyə millət vəkili sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com