Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi Abasov barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, F.Abasovun kassasiya şikayəti təmin edilməyib.
Hadisə ötən il Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə F.Abasovun idarə etdiyi “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın Azər Əliyevin idarə etdiyi “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və keçinib.
Daha sonra qəzanı törədən F.Abasov və A.Əliyev cinayət məsuliyyətinə cəlb ediliblər.
Xəzər Rayon Məhkəməsi A.Əliyevin barəsində bəraət hökmü çıxarıb. Hökmə əsasən, F.Abasov 3 il 3 ay 9 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. Hökmdən narazı qalan F.Abasov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.
Xatırladaq ki, “Porsche Cayenne GTS” markalı avtomobil Milli Məclisin deputatı Cavanşir Feyziyevin adınadır. O, zərərçəkmiş qismində tanınıb.