Konstantin Zatulin Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavinidir. Ancaq bu zatın fəaliyyəti, tam əksinə, MDB ölkələri ilə və eyni zamanda, postsovet məkanında yaşayan rusiyalılarla əlaqələri korlamaqdan ibarətdir.
ÇıxışYolu.Com xəbər verir ki, bunu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini K. Zatulinin Yerevanda Azərbaycanın ünvanına səsləndirdiyi təhqiramiz fikirlərə münasibətini bildirərkən deyib.
“Bu isə onun üzvü olduğu Vahid Rusiya fraksiyasının siyasi məqsədləri ilə izah edilə biləcək fəaliyyət deyil.
Zatulin həmişə milli etnik zəmində qarşıdurmanı qızışdırmaqda ittiham olunub.
Gah əməkdaşlıq yaratmalı olduğu hansısa MDB ölkəsi tərəfindən persona non-qrata elan edilib, gah da hansısa tanınmayan bir separatçı rejimin “prezident seçkiləri”ni legitimləşdirmək üçün müşahidəçi statusunda orada iştirak edib”, – deyən millət vəkilinin sözlərinə görə, o, ən nəhayət, öz yarımçıq tarixi bilgiləri və yarımçıq siyasətçi keyfiyyətləri ilə Azərbaycan prezidentinin fikirlərini şərh etmək cəsarəti göstərib.
H. Babaoğlu xatırladıb ki, K.Zatulin Krımda separatçılığı dəstəklədiyinə və millətlərarası münasibətləri qızışdırdığına görə 2006-cı ildə Ukrayna tərəfindən persona non-qrata elan edilib, 2008-ci ildə Simferopol aeroportunda saxlanılıb və bir daha bu ölkəyə girməsi qadağan edilib.
Elə həmin vaxt Ukrayna əleyhinə radikal fikirlər səsləndirdiyinə görə xəbərdarlıq alıb, 2017-ci ildən isə dövlət axtarışındadır.
Millət vəkilinin sözlərinə görə, 2010-cu ildə K.Zatulin separatçı Dağlıq Qarabağ rejiminin seçki şousuna qatıldığı üçün Azərbaycan tərəfindən persona non-qrata elan edilib. 2014-cü ildə isə Abxaziyada keçirilən seçki şousunda yenə eyni rolu oynayıb:
“Yəni, Zatulinin siyasətçi mahiyyəti natamamdır, etnik separatçıların dəstəkçisidir və bu, o qədər barizdir ki, bəzən onun siyasi məqsədləri vətəndaşı olduğu dövlətin belə rəsmi maraqları nöqteyi-nəzərindən anlaşılan deyil.
Ona görə də K.Zatulinin kiminsə fikirlərini qeyri-ciddi adlandırmağa heç bir haqqı yoxdur. Çünki qeyri-ciddi biri varsa, o da elə Zatulindir.
Ciddi siyasətçi hər şeydən əvvəl öz dövlətinin, qonşu və tərəfdaş ölkələrin maraqlarını nəzərə alan siyasətçidir.
Təəssüf ki, Zatulin MDB ölkələri ilə əməkdaşlığa məsul şəxslərdən biri kimi, əməkdaşlığın inkişafına deyil, korlanmasına xidmət edir.
Bununla da təkcə həmin ölkələrin rəsmi strukturlarının deyil, eyni zamanda, MDB-də yaşayan çoxminli rus icmasının da qınağına tuş gəlir, onların mənafeyini tapdalamış olur. Ciddi siyasətçilər isə heç vaxt bunu etmirlər”.
Deputat həmçinin qeyd edib ki, Zatulinin tarixi təfəkkürü və tarixi şərhetmə “istedadı” da elə onun “siyasətçi istedadı”ndan geri qalmır:
“Tarix keçmiş siyasət, siyasət isə hazırkı tarixdir” fikrini nəzərə alsaq, onda gərək Zatulin həm keçmiş siyasət olan tarixə ciddi yanaşsın, həm də bu günün siyasətçisi kimi gələcəkdə tarix olacaq sözləri və fikirlərində obyektiv olsun.
Çox təəssüf ki, Zatulində bunların heç biri yoxdur. Bunun iki səbəbi ola bilər.
Ya doğrudan da, Moskva Dövlət Universitetinin tarix fakültəsinin məzunu olan Zatulin universitetdə oxuyarkən qədim dünya tarixi dərslərinə girməyib, ya da tarixi bilərəkdən təhrif edir. Hər ikisi olduqca pis haldır.
Heç bir Roma imperiyası xəritəsində “Böyük Hayk” yazısı yoxdur. Xüsusilə də indiki Azərbaycanın inzibati-siyasi sərhədləri elə indiki Ermənistan da daxil olmaqla heç bir xəritədə “Böyük Hayk” kimi göstərilmir.
Bu ərazi müxtəlif dövrlərdə Sarmatiya, Albaniya, Midiya və s. kimi göstərilir ki, bu ərazilər də həmişə Roma İmperiyası sərhədlərindən kənarda qalır.
Roma xəritələrində müasir Azərbaycan və Ermənistanın, yəni, tarixi Qərbi Azərbaycanın sərhədlərindən kənarda göstərilən ərazi isə Qıpçaq türklərinin vətəni kimi göstərilir.
1800-cü illərdən sonra çar Rusiyası tərəfindən Azərbaycana, onun qərb hissəsi olan İrəvan, Zəngəzur, Göyçə və Qarabağa köçürülən haylar xristian olduqları üçün bu yerlərin avtoxtonları olan xristian qıpçaqlarının mədəniyyətinə və adına sahib çıxdılar.
Həmin qıpçaqlar öz dillərini və mədəniyyətlərini zorən haylara verməli oldular.
Beləliklə, ilk dəfə tarixdə yalnız 1800-cü illərdən “hay” və “hayk” sözləri Cənubi Qafqazda işlənməyə başladı.
Tarixçi Zatulinə tarixi yaddaşını təzələmək üçün bir şeyi də xatırladaq ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə Qərbi Azərbaycan torpaqlarının bir hissəsi İrəvan paytaxt olmaqla, gəlmə haylara 100 illiyə icarəyə verildi ki, onlar da özlərinə dövlət qursunlar, əvəzində isə Zəngəzura, Göyçəyə, Qarabağa iddia etməsinlər.
Azərbaycan prezidenti bu tarixi həqiqətə və yaddaşa söykənərək deyir ki, biz öz tarixi torpaqlarımıza – Göyçəyə, İrəvana, Zəngəzura qayıdacağıq. Bu mövqe beynəlxalq hüquqa və ümumiyyətlə, onun prinsiplərinə zidd deyil.
Çünki beynəlxalq hüquq tərəfindən tanınan ən təməl hüquqlardan biri insanın doğulduğu torpaqlarda yaşamaq hüququdur.
Ona görə də bu çağırış prezident İlham Əliyevin beynəlxalq nüfuzuna xələl yox, hörmət gətirir.
Çünki bu fikirlərdə başqa ölkənin torpaqlarını işğal etməyə yox, beynəlxalq hüquqa hörmətə, tarixə obyektiv yanaşmağa, insanların dinc və bir arada yaşamasına çağırış var”.
Digər millət vəkili Aydın Mirzəzadə də mətbuata açıqlamasında qeyd edib ki, İ. Əliyevin tarixi Azərbaycan torpaqları haqqında son dövrlərdə söylədiyi fikirlər Ermənistanda çox ciddi narazılıqla qarşılanıb:
“Xüsusilə prezidentin azərbaycanlıların gec-tez İrəvan, Zəngəzur, Göyçə torpaqlarına qayıdacağı ilə bağlı bəyanatı həm Ermənistan rəhbərliyini, həm də xaricdəki erməni diaspor təşkilatlarını sözün əsl mənasında ciddi narahat edir”, – deyən A.Mirzəzadə bildirib ki, burada söhbət Azərbaycanın Ermənistana qarşı ərazi iddiasından deyil, azərbaycanlıların öz tarixi torpaqlarında yaşamaq hüququndan gedir.
Millət vəkili hesab edir ki, Ermənistan tərəfi İ.Əliyevin bu ədalətli çağırışına zəif cavab verdikdən sonra indi özünün ağlı ilə “ağır artilleriya”nı işə salmağa cəhd edir:
“Ermənistan üçün bu “ağır artilleriya” Rusiya parlamentinin deputatı, Azərbaycana qarşı böhtan xarakterli və qeyri-obyektiv çıxışları ilə tanınan Konstantin Zatulindir.
Əlbəttə, Zatulinin tapşırığı necə yerinə yetirəcəyinə şübhə etdiklərinə görə onu təcili Yerevana dəvət edərək bəyanatını Ermənistan tərəfinin “şparqalka”sı əsasında hazırlamağa kömək ediblər”.
A.Mirzəzadənin qeyd etdiyinə görə, K.Zatulin əslində həm Azərbaycanda, həm də Rusiyada qalmaqallı, keçmişi qaranlıq bir siyasətçi kimi tanınır:
“Zatulin çirkin yollarla Moskva Dövlət Universitetinə qəbul olunub, öz tələbə yoldaşlarının bildirdiyinə görə, sonradan orada bir qayda olaraq bu və ya digər qayda pozuntusu edən tələbələr barədə rəhbərliyə məlumat verməklə məşğul olub.
İndiyə qədər onun elmi biliyi, siyasi savadı həm tələbə yoldaşları, həm də Rusiya elmi ictimaiyyəti arasında böyük suallar doğurur.
Zatulin Rusiya parlamentinə seçilənə qədər fırıldaqçılıqla məşğul olması ilə tanınıb. O, vaxtilə komsomol xətti ilə kommersiya obyektləri yaratmış, moskvalıları pulsuz mənzil verəcəyi ilə şirnikləndirməklə 2 milyona qədər lotereya satmış, amma onlara mənzil verməmişdi.
O, bu və ya digər siyasi qüvvə tərəfindən maddi baxımdan həvəsləndirilərək sifarişli siyasi fəaliyyəti ilə tanınır.
Ümumiyyətlə, onun adı bir qayda olaraq ya çirkin kommersiyalarda, ya fırıldaqçılıqda, yaxud da sifarişli siyasi fəaliyyətdə hallanır.
Buna görə də erməni millətçiləri Zatulindən vaxtaşırı özlərinin Azərbaycana qarşı çirkin ideoloji təbliğatında istifadə etməyə çalışırlar”.
Deputat düşünür ki, K.Zatulin son bəyanatında havadarlarını və özünü çox çətin vəziyyətə salıb:
“O, Azərbaycan və onun rəhbəri haqqında qeyri-obyektiv və həqiqətə uyğun olmayan bəyanatları ilə yanaşı, prezident İlham Əliyevin bitirdiyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu haqqında da çox təhqiredici və çirkin, həmçinin məsuliyyətsiz bəyanatlar verib.
Hesab edirəm ki, bu bəyanat MDBMİ-nin özündə də ciddi etiraz doğuracaq…”
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com