Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür.
Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub.
Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq
hərəkatı ilə bağlıdır.
Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı
anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı
təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının mərkəzi sayılan Azadlıq (keçmiş
Lenin) meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.
Milyonlarla insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı
çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən
dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını
ala bilmədi.
1989-cu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi (AXC) təsis edildi. Elə həmin
ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya
Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20
yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və
odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya iştirakçıları və dinc sakin
vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra
bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1990-cı il
seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını
qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar.
1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi
elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət
ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ
qoşunları Azərbaycandan çıxarıldı.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni
tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet” və
“sosialist” sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi
bir dövrdə Naxçıvanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması
müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla
ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində
ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin
tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də
müzakirə olundu. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın
dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürüldü. Azərbaycan Xalq
Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran
sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali
Soveti qarşısında vəsadət qaldırdı. Beləliklə, milli dirçəlişdən milli
tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu.
Azərbaycan 2020-ci ildən etibarən Milli Dirçəliş Gününü xüsusi coşqu və
fərəhlə qeyd edir.
Çünki 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu Müzəffər
Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə Ermənistan silahlı qüvvələrinə
ağır və sarsıdıcı zərbələr vuraraq işğalda olan əraziləri azad edib. Bu, həm də
İranla 132 kilometr sərhədin bərpa olunması deməkdir. Azərbaycan 2023-cü ilin
19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror tədbirləri
nəticəsində suverenliyini tam olaraq bərpa edib.
Azərbaycan bu gün Ermənistana diktə edən tərəfə çevrilib. Vətən müharibəsindən
sonra Azərbaycanın gücü yeni mərhələyə keçid edərək İrəvan üzərində əlavə
rıçaqların qazanılmasına gətirib çıxarıb.
Azərbaycan Milli Dirçəliş Gününü tarixi və milli qürurunu bərpa edərək qeyd
edir.