Milli Məclisə işə düzəltmək adı ilə vətəndaşdan pul alanın şikayəti təmin
edilmədi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dələduzluğa görə 5 il müddətinə azadlıqdan məhrum edilən Bakı Şəhər İcra
Hakimiyyəti (BŞİH) Aparatının Ümumi şöbəsinin böyük mütəxəssisi vəzifəsində
çalışmış Hökümə Əliyevanın apellyasiya şikayəti təmin edilməyib.
Faktı “Report”a təqsirləndirilən şəxsin vəkili Günay Cəfərova təsdiqləyib.
Apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun
sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılıb.
Qeyd edək ki, Hökümə Əliyeva 2021-ci ildə öz ərizəsi ilə BŞİH-dəki
vəzifəsindən azad edilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Hökümə Əliyeva barəsində Cinayət
Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə
açılmış iş üzrə məhkəmə prosesi bu ilin sentyabrında başa çatıb. Hökümə Əliyeva
5 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, o, X.Əyyubzadə adlı şəxsi Milli Məclisdə mütəxəssis
vəzifəsinə düzəldəcəyini yalan vəd edərək 55 min manat alıb. Hökümə Əliyeva
həmin şəxsə aylıq 2500 manata yaxın maaş alacağını deyib.