71b8d442-f7ee-4377-bca0-ffdd7219382a.webp

Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib

Baxış sayı: 217 dəfə baxılıb.

“Milli Məclis Niderland Krallığı parlamenti Nümayəndələr Palatasının qəbul
etdiyi iki qətnaməni Azərbaycanı əsassız olaraq hədəf alan və Cənubi Qafqaz
regionunda real vəziyyəti təhrif edən qərəzli siyasi aktlar kimi qətiyyətlə
rədd edir və pisləyir”.

Bu barədə Cixisyolu.com-a Milli Məclisdən məlumat verilib.

Qeyd edilib ki, yalan və saxta məlumatlar üzərində qurulan bu qətnamələr heç
də sülhə, sabitliyə və konstruktiv dialoqa kömək göstərmir, əksinə, yaxın
tarixə və bu günümüzə aid faktları, beynəlxalq hüquq normalarını və
prinsiplərini, regionda qalmaqda olan çağırışları gözardı edən qeyri-obyektiv
və birtərəfli yanaşmanı ortaya qoyur.

“Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən terrorizm,
separatizm, qəsdən adamöldürmə əməllərində və beynəlxalq humanitar hüququn
digər ağır pozuntularında təqsirləndirilən şəxslərin “erməni hərbi əsirlər”
kimi qələmə verilərək azadlığa buraxılmasının tələb edilməsi qanunun aliliyi
prinsipinə açıq hörmətsizlikdən başqa bir şey deyildir və terrorizmin kökünün
kəsilməsi, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə
cəlb edilməsi səylərini sarsıdır.

Erməni mədəni irsinin guya talan edilməsi barədə saxta ittihamların irəli
sürülməsi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı
dövründə xalqımızın mədəni, dini və tarixi sərvətlərinin dağıdılmasına və
mənimsənilməsinə göz yumulması və bunların ört-basdır edilməsi kampaniyasının
tərkib hissəsi və davamıdır. Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv
edilməsinə səssiz qalan Niderland parlamenti Nümayəndələr Palatasının
Azərbaycana qarşı həyata keçirdiyi növbəti ədalətsiz siyasi aksiya dərin
təəssüf doğurur”, – deyə Milli Məclisin bəyanatında qeyd edilib.

Bildirilib ki, Milli Məclis sözügedən qərəzli qətnamələrin Niderlandın xarici
işlər naziri Kaspar Veldkamp tərəfindən rəğbətlə qarşılanması və müdafiə
edilməsi Niderland hökumətinin Cənubi Qafqaz dövlətləri barəsində siyasətində
seçmə yanaşmaya əsaslandığını nümayiş etdirir, doğma yurdları işğal edilmiş,
etnik təmizləməyə, insanlıq əleyhinə cinayətlərə, o cümlədən soyqırımı
aktlarına məruz qoyulmuş azərbaycanlıların əzablarını etiraf etmək əvəzinə,
Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına etinasızlıq göstərilməsindən
və bu iddiaların üstüörtülü şəkildə dəstəklənməsindən ibarət olan dövlət
siyasəti yeritdiyini bir daha açığa çıxarır.

“Əslində, bu bizim üçün təəccüblü deyildir. Niderlandın müstəmləkəçilik
keçmişi Asiya, Afrika və Amerikanın çoxsaylı xalqlarının əsarət altına alınması
və istismar edilməsi, onlara qarşı törədilən cinayət faktları ilə zəngindir.
Müstəmləkə imperiyasını qəddar taktikanın köməyilə genişləndirən Niderland
həmişə mənfəəti insan hüquqlarından üstün tutub. Niderlandın inkişafında
müstəmləkə əsarətində olan ölkələrin milli sərvətlərinin talan edilməsinin
böyük payı olub. Bu gün də dünyanın müxtəlif xalqlarını asılı vəziyyətdə
saxlayan Niderlandın öz müstəmləkəçilik tarixinin ağır nəticələrinin aradan
qaldırılmasına səy göstərdiyini bəyan etməsi riyakarlıq kimi
qiymətləndirilməlidir”.

Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasını, eləcə də bu
ölkənin rəhbər vəzifəli şəxslərini Cənubi Qafqaz bölgəsində sülh və sabitlik
yaradılması səylərinə mane olan hərəkətlərə son qoymağa çağırıb. Parlament
Niderland Krallığı da daxil olmaqla, bütün dövlətlərlə konstruktiv dialoqu və
əməkdaşlığı dəstəklədiyini bildirib, bu cür dialoq və əməkdaşlığın qarşılıqlı
hörmətə və faktların vicdanlı etirafına əsaslanmalı olduğunu xatırladıb.

Source link