Milli Məclisdə Niderland parlamentinin komitəsinin ölkəmiz əleyhinə qətnamə
qəbul etməsi qınanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Milli Məclisdə Niderland parlamentinin komitəsinin Azərbaycan əleyhinə qətnamə
qəbul etməsi qınanılıb.
“Report”un məlumatına görə, Soltan Məmmədov parlamentin yaz sessiyasının
fevralın 1-də keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib ki,
niderlandlı deputatların Cənubi Qafqazdakı reallıqları təhrif edən mülahizələri
Azərbaycana qarşı qeyri-obyektiv münasibətin hələ də davam etdiyini göstərir.
Onun sözlərinə görə, ikili standartların Avropanın bir çox digər ölkələrində
olduğu kimi, Niderlandda da xarici siyasətin əsas prinsiplərindən biri olması
təəssüf doğurur:
“Təəssüf doğuran daha bir fakt Niderlandın xarici işlər naziri Hanke Bruins
Slot deputatların suallarına cavab verərkən absurd ittihamlarla razılaşdığını
dolayısı ilə ifadə etməsidir. Nazir Avropa İttifaqının Azərbaycana qarşı
sanksiyalar tətbiq etməyə hazır olduğunu da bildirib. Azərbaycanın guya
Ermənistana qarşı ərazi iddiasında olduğu, yeni müharibəyə hazırlaşdığı barədə
niderlandlı həmkarlarımızın əsassız mülahizələri ölkəmizə qarşı qərəzin daha
bir nümunəsidir. Prezident İlham Əliyev müharibənin bitdiyini, ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpasından sonra yeni inkişaf
strategiyasına kökləndiyimizi dəfələrlə bəyan edib. Eyni zamanda, işğaldan azad
edilmiş ərazilərə, eləcə də Ermənistanla həmsərhəd bölgələrə yatırılan
milyardlarla vəsait bizim məhz sülhə fokslandığımızı göstərən əsas amildir.
Bunu bütün dünyada, o cümlədən Niderlandda da yaxşı bilirlər. Azərbaycan
müharibədən sonra irəli sürülən sülh gündəliyinin müəllifidir. Biz Cənubi
Qafqazda əməkdaşlığa, birgəyaşayışa əsaslanan rifahı təşviq edən aparıcı
ölkəyik”.
S.Məmmədov bu gün dünya ictimaiyyətindən, o cümlədən Avropa ölkələrinin
parlamentlərindən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması
təşəbbüslərinə dəstək gözlədiklərini bildirib:
“Lakin bir çox ölkələr və beynəlxalq təşkilatlar tamamilə əks mövqedən çıxış
edir. Ermənistanın sürətlə silahlandırılması, parlamentlər və beynəlxalq
qurumlar çərçivəsində bizə qarşı qəbul olunan qətnamələr region xalqlarının
maraqlarına və sülh gündəliyinə xidmət etmir. Yaşadığımız coğrafiyanın indiki
mürəkkəb dövrdə sülhə və sabitliyə həmişə olduğundan daha böyük ehtiyacı var.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi, müstəqil siyasət
yürütməsindən narahat olmağa əsas yoxdur. Əksinə, müstəqil siyasət yürütmək
imkanı mübahisələrin, anlaşılmazlıqların üçüncü tərəflərin müdaxiləsi olmadan
sadə həll yollarını tapmaq üçün etibarlı zəmin yaradır”.
Qeyd edək ki, Niderland parlamentinin İkinci Palatasının Xarici əlaqələr
komitəsinin yanvarın 18-də keçirilmiş iclasında Azərbaycanla bağlı qərəzli və
tamamilə qəbuledilməz fikirlər səsləndirilib.