Azərbaycan Respublikası VII çağırış Milli Məclisinin bir qrup depuatı xarici
işlər naziri Ceyhun Bayramova müraciət edib.
Cixisyolu.com müraciəti təqdim edir.
İlk öncə qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa
etməsi ilə regionda uzunmüddətli sülh və sabitlik üçün əsas yaranmışdır. Otuz
illik işğala və haqsızlığa son qoymuş Azərbaycan təkcə öz milli maraqlarını
deyil, həm də beynəlxalq hüququn aliliyini təmin etmişdir.
Yaranmış bu vəziyyət ölkəmizi ümumbəşəri problemlərin həllinə töhfələrini daha
fəal şəkildə həyata keçirməyə imkan yaradır. 2023-cü il sentyabrın 20-də
Azərbaycanın öz suverenliyini bərpa etməsindən az sonra həmin il dekabrın 9-da
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin
29-cu görüşünə (COP29) Azərbaycanın ev sahibliyi etməsi barədə qərarın
yekdilliklə dəstəklənməsi dünya dövlətlərinin Azərbaycanın beynəlxalq sülh və
inkişaf məsələlərinə dair baxışına böyük dəstək verməsinin sübutudur.
Azərbaycan tərəfinin COP29-a yüksək səviyyədə davam edən hazırlığı,
bütövlükdə, bəşəriyyəti narahat edən iqlim dəyişmələri üzrə fundamental
məsələlərin həllinə nə dərəcədə ciddi yanaşmasının göstəricisidir.
Təəssüflə qeyd etmək istərdik ki, bir sıra dairələr Azərbaycanın COP29-a ev
sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul
etdirmək fikrinə düşüblər. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup
üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə
göndərdiyi müraciət də bu qəbildəndir.
Açıq şəkildə bildirmək lazımdır ki, sözügedən müraciətin Dövlət Departamenti
tərəfindən təşkil edildiyinə dair şübhəmiz yoxdur. Prezident İlham Əliyevin
oktyabrın 4-də Cəbrayıl şəhərində vurğuladığı kimi, Dövlət Departamentində
Azərbaycanı hədələmək üçün özləri özlərinə məktub yazırlar.
Azərbaycana qarşı irqi ayrı-seçkiliyi ehtiva edən, böhtanla dolu, dialoq
ruhuna zidd olan, müharibə cinayətkarlarının azadlığa buraxılmasına və
Ermənistanın hərbiləşdirilməsinə çağırış edən bu müraciət qəbuledilməzdir,
beynəlxalq hüquqa ziddir və ABŞ-nin ikitərəfli münasibətlərin rəvan şəkildə
davam etdirilməsində maraqlı olmadığını göstərir.
Saxta əsaslarla insan hüquqları və beynəlxalq humanitar hüquqa riayət edilməsi
sahəsində Azərbaycana iradlar irəli sürən müraciətin müəlliflərinə ABŞ-nin
İraq, Əfqanıstan və dünyanın digər müxtəlif bölgələrində törətdiyi müharibələr
zamanı milyonlarla dinc insanın həlak olduğunu, çoxlu sayda insanın işgəncəyə
məruz qalmasını və hüquqi proses olmadan onlara cəza verilməsini xatırlatmaq
istərdik. İnsan hüquqlarından dəm vuran ABŞ ən mühüm insan hüquqları
konvensiyalarına qoşulmamışdır. BMT-nin İşgəncələrə qarşı xüsusi məruzəçisini
uzun illər Quantanamoya buraxmayan həmin ABŞ-dir.
Minsk Qrupunun həmsədri olan ABŞ heç vaxt öz məsuliyyətini dərk etməmiş,
Fransa ilə birlikdə Azərbaycan torpaqlarının işğal altında qalmasına
çalışmışdır. ABŞ-nin gözü qarşısında vaxtilə işğal edilmiş ərazilərdə
Azərbaycan xalqının mədəni irsi, məscidləri, tarixi abidələri dağıdılmış,
təhqir edilmiş, bütöv şəhərlər və kəndlər yer üzündən silinmişdir. ABŞ
Ermənistanın bu barbarlıq əməllərini heç vaxt pisləməmişdir.
2020-ci il Vətən Müharibəsindən sonra başlanan və ötən ildən intensivləşən bu
hücumlar, ABŞ-nin Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini
bərpa etməsini qəbul etməməsindən, Azərbaycan xalqına qarşı dini və etnik
ayrı-seçkilik göstərməsindən və regionda yenidən münaqişə yaratmaq niyyətindən
irəli gəlir. Saxta ittihamlarla dünyanın müxtəlif ölkələrini işğal etmiş ABŞ
nəyə görə Azərbaycanın öz ərazisini işğaldan azad etmək, separatizmə son qoymaq
üçün həyata keçirdiyi əməliyyatı “hərbi təcavüz” kimi dəyərləndirir? Daim
Ermənistanın suverenliyi və ərazi bütövlüyündən dəm vuran konqresmenlər bircə
dəfə olsun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətdən
danışmamışlar.
Azərbaycanı “etnik təmizləmə”də ittiham edən konqresmenlər nədən Ermənistandan
bütün azərbaycanlıların deportasiya edilməsinə, Qərbi Azərbaycan İcmasının elə
həmin Entoni Blinkenə ünvanladığı müraciətlərə heç bir reaksiya vermir?
Konqresmenlər o səviyyəyə eniblər ki, erməni müəllifin məqaləsini Azərbaycana
qarşı “sübut” kimi istifadə edirlər. Azərbaycanı sülh müqaviləsini imzalamağı
istəməməkdə ittiham edən konqresmenlər nədən sülh müqaviləsi təşəbbüsünün məhz
Azərbaycandan gəldiyini, elə onun mətninin də məhz Azərbaycan tərəfindən tərtib
edildiyini “yaddan” çıxarır, Ermənistan Konstitusiyasında hələ də ölkəmizə
qarşı ərazi iddiasının yer almasını pisləmirlər?
“Azərbaycanda həll olunmamış ərazi münaqişələri” dedikdə konqresmenlər nəyi
nəzərdə tutur? Qarabağ münaqişəsi həll olunmuşdur. Azərbaycan xalqı, Azərbaycan
dövləti Qarabağ münaqişəsini həll etmişdir və Azərbaycandan min kilometrlərlə
uzaqlarda oturanların fərqli fikirləri reallığı dəyişmir. Azərbaycan xalqı
əbədi olaraq Qarabağ və Şərqi Zəngəzura dönmüşdür və reallıq bu gün Cəbrayılda
keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlərdir, öz dədə-baba yurdlarına
qayıdan azərbaycanlılardır.
Məgər konqresmenlər bilmir ki, onların “Dağlıq Qarabağın siyasi liderləri”
kimi təqdim etdikləri şəxslər müharibə caniləridir, Xocalı cəlladlarıdır, silah
dəllalları, maliyyə firıldaqçıları, əli hər cür çirkin işlərə bulaşmış
oliqarxlardır?! Niyə ABŞ Xocalı soyqırımını törətməklə qürrələnənləri müdafiə
edir, separatçılara viza verir, onlara qucaq açır?! Bu caniləri azad etməyə
çağıranlar bircə dəfə olsun 30 ildən artıqdır ki taleyi bilinməyən 4 min
azərbaycanlı itkinlə bağlı səsini çıxardırmı?!
Konqresmenlərin “demokratik” ölkə hesab etdiyi Ermənistan 30 il başqa ölkənin
ərazisini işğalda saxlamış, etnik təmizləmə törətmiş, milli müstəsnalıq
xəstəliyinə tutulmuş, indinin özündə də hərbi caniləri mühakimə etməmiş, əksinə
onları qəhrəmanlaşdırmış bir ölkədir.
Bir daha xatırladaq ki, Azərbaycan tərəfi həmişə ikitərəfli münasibətlərin
irəli aparılması üçün səbir və təmkin nümayiş etdirərək, iki ölkə arasında
qarşılıqlı maraq doğuran məsələlər üzrə tərəfdaşlığı davam etdirmək və inkişaf
etdirmək xəttini tutmuşdur. Azərbaycan daha çox ABŞ-ni maraqlandıran beynəlxalq
təhlükəsizlik məsələləri üzrə əməkdaşlıqda fəal iştirak etmiş, ABŞ-nin xahişi
ilə NATO-nun əməliyyatlarına töhfə vermiş və həmin əməliyyatlarda ləyaqətlə
iştirak etmişdir. Bir sözlə, Azərbaycan tərəfi ABŞ ilə iki ölkə xalqlarının
maraqlarına və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq mehriban
münasibətlər qurmaq və inkişaf etdirmək üçün məsuliyyətli və konstruktiv
şəkildə davranmışdır.
Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın məsuliyyətli və təmkinli
davranışlarının müqabilində ABŞ müstəqilliyimizi bərpa etdiyimiz ilk gündən
etibarən qeyri-konstruktiv davranmışdır. Bədnam 907-ci düzəlişin qəbul edilməsi
ilə başlayan anti-Azərbaycan tədbirlərinin ardı-arası kəsilmir. Bu həmin
ABŞ-dir ki, Xocalı soyqırımının törədilməsindən, Şuşanın, Laçının işğal
edilməsindən sonra Ermənistana deyil, Azərbaycana qarşı sanksiya tətbiq etdi.
ABŞ son 30 ildə Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən törədilən
müsibətlərə, Azərbaycan ərazilərinin işğalına, Ermənistan ərazisindən və işğal
olunmuş Azərbaycan torpaqlarından bir milyondan çox azərbaycanlının
qovulmasına, Azərbaycanın mədəni irsinin kütləvi şəkildə dağıdılmasına,
Azərbaycanın yüzlərlə şəhər və kəndinin viran qoyulmasına və ərazilərimizdə
milyonlarla minanın basdırılmasına göz yummuşdur. ABŞ faktiki olaraq
Ermənistanı işğal və etnik təmizləməni davam etdirməyə təşviq etmişdir.
Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad edərək münaqişəni həll
etdikdən sonra isə ABŞ münaqişəni yenidən alovlandırmaq üçün hərəkətə
keçmişdir. ABŞ və onun təşəbbüsü ilə bir sıra digər dövlətlər Ermənistana böyük
məbləğdə maliyyə yardımı ayırmış, bunun sayəsində Ermənistanın yenidən
silahlanması təmin edilmiş və bu ölkəni sülh danışıqlarında qeyri-konstruktiv
mövqe tutmağa cəsarətləndirmişdir. ABŞ, Avropa İttifaqı və Ermənistanın 5 aprel
2024-cü ildə Brüsseldə keçirdiyi görüşdə faktiki olaraq Ermənistana yeni
müharibə tapşırığı verilmişdir. Bununla da ABŞ Cənubi Qafqaza geosiyasi rəqabət
gətirir, regionda ayırıcı xəttlər yaradır.
Bu kontekstdə, ABŞ Konqresi üzvlərinin dövlət katibi Entoni Blinkenə etdiyi
müraciət bu ölkənin ikitərəfli münasibətlərin rəvan şəkildə davam
etdirilməsində maraqlı olmadığını göstərir.
Azərbaycan tərəfinin ikitərəfli münasibətləri davam etdirmək əzmini qeyd
etməklə bərabər vurğulamaq istərdik ki, bu yalnız bir tərəfin səyləri ilə
mümkün deyil. Qarşılıqlılıq prinsipini və ikitərəfli münasibətləri məntiqi
müstəviyə qaytarmaq məqsədini əsas götürərək hesab edirik ki, ABŞ tərəfinin
sözügedən addımlarına cavab verməyin vaxtı çatmışdır. Dövlət Departamentini
Azərbaycana və onun Prezidentinə təzyiq göstərməyə çağıran konqresmenlərə
xatırladırıq ki, xüsusilə 2020-ci ildən sonra baş verən hadisələr bir daha onu
göstərdi ki, Azərbaycan heç vaxt hansısa təzyiqə, böhtana boyun əyməyib və heç
bir iftira, heç bir hədə onun iradəsinə zərrə qədər belə təsir edə bilməz.
Əksinə bu kim əməllərlə ABŞ Azərbaycan cəmiyyətində onsuz da dibə enən nüfuzunu
daha da itirir. Bizim bu məktubumuz həm də Azərbaycan xalqının ABŞ-nin ikili
standartlarına, yalançı dəyərlərinə olan hiddətini ifadə edir. Regionun ən
güclü dövlətinə qarşı belə ədalətsiz, gülünc ittihamlar, hədələr həm də məktuba
imza atan konqresmenlərin səbatsızlığını göstərir.