Bir neçə gün əvvəl Azərbaycanda prezident seçkiləri keçirildi və seçicilər İlham Əliyevə yenidən etimad göstərdilər. Xalqımız seçkilərə bayram əhval-ruhiyyəsi ilə qatıldı, Azərbaycanın gələcəyinə, sabitliyinə səs verdi.
Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, hələ də bəzi qüvvələr ölkəmizin inkişafını, müstəqil siyasətimizi, liderimizin xalqla birliyini qəbul edə bilmirlər. Güclü Azərbaycan onları çox narahat edir.
ÇıxışYolu.Com xəbər verir ki, bu fikirlər Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun komitə adından verdiyi bəyanatında öz əksini bildirib.
Bəyanatda qeyd edilir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçki müşahidə missiyası seçkilərlə bağlı rəyi ilə qərəzli yanaşmasını bir daha ortaya qoydu:
“Bunu hətta Azərbaycana qarşı təxribat kimi də qiymətləndirmək olar. Belə münasibət ancaq təəssüf hissi doğurur. Heç kim zəmanət verə bilməz ki, belə təxribatlar başqa formalarda davam etdirilməyəcək”.
Bəyanatda sonra bunlar qeyd olunur:
“Azərbaycan dünyaya açıq ölkədir, istər beynəlxalq təşkilatlar olsun, istərsə də ayrı-ayrı ölkələr, onların hər biri ilə əməkdaşlıqda maraqlıdır. Elə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının seçkilərə dəvət olunması da bu siyasətin tərkib hissəsi idi.
Bu missiyanın seçkiləri izləmək, səsvermə günü prosesləri yaxından izləyib obyektiv rəy vermək üçün zaman və imkanı var idi. Çox təəssüf ki, onlar nəinki obyektiv mövqe nümayiş etdirdilər, əksinə, imitasiya ilə məşğul oldular.
Onlar bu cür yanaşma ilə bütövlükdə xalqımızın seçiminə, iradəsinə qarşı çıxırlar. Missiyanın bəyanatı onun üzvlərinin seçkilərdən tam məlumatsız olduqlarını göstərdi…”
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com