a4a3de01-a323-4270-afb1-42869c9bfa2d..jpg

Milli parkın direktoru: “Suyun səviyyəsi dəyişsə də, Şah Dili burnunun relyefi dəyişmir” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 751 dəfə baxılıb.

Milli parkın direktoru: “Suyun səviyyəsi dəyişsə də, Şah Dili burnunun relyefi
dəyişmir” – MÜSAHİBƏ + FOTO

Azərbaycanın ən ecazkar dəniz mənzərəsinə açılan nöqtəsində, maraqlı təbiət
gözəllikləri fonunda – Şah Dili burnunda yerləşən Abşeron Milli Parkının
yaranmasının bu gün 18-ci ili tamam olur. Park ölkə Prezidentinin sərəncamı ilə
2005-ci il fevralın 8-də yaradılıb.

Milli parkın əhəmiyyəti və mövcud potensialı barədə “Report”un suallarını
parkın direktoru Etibar İbrahimov cavablandırıb:

– Abşeron Milli Parkı coğrafi mövqeyinə görə olduqca unikaldır…

– Parkın ərazisini əhatə edən Şah Dili burnu Abşeron yarımadasının cənub-şərq
qurtaracağında yerləşir. Müqayisə üçün belə bir xarakteristika da vermək olar
ki, əgər Portuqaliyada yerləşən Roka burnu Avrasiya materikinin ən ucqar qərb
nöqtəsidirsə, Şah Dili burnu isə materikin ən ucqar şərq nöqtəsidir. Daha bir
maraq doğuran özəllik odur ki, Xəzər dənizində min illər ərzində baş verən su
səviyyəsinin tərəddüdlərinə baxmayaraq, Şah Dili burnunun relyefi dəyişmir,
ölkəmizin xəritəsində məcazi olaraq qartalın dimdiyi formasını saxlayır.

– Yəqin ki, təbiətin mühafizəsi sahəsində də parkın ərazisi əhəmiyyət kəsb
edir…

– Əlbəttə. Parkın yerləşdiyi bölgə, ölkə üzrə əhalinin daha çox məskunlaşması
və iqtisadiyyatın inkişaf tempinin yüksək olması səbəbindən təbiətimiz və
biomüxtəliflik üçün daha həssasdır. Ona görə də bölgənin bioloji
müxtəlifliyinin qorunması istiqamətində parkın önəmi olduqca qiymətlidir.
Burada Abşeron yarımadasına xas olan endemik bitki növləri, ornitofauna
qorunur, müşahidə altında saxlanılır. Abşeron Milli Parkı həm də köçəri
quşların miqrasiya marşrutunun üzərində yerləşir. Hər il qış köçü dövründə
burada yüzlərlə quş növü müşahidə olunur. Flaminqo kimi nadir quş növünün də
hər il ərazidə toplaşması milli parkın önəmini daha da artırır. Bu
xüsusiyyətlər Abşeron Milli Parkının ekoturizm potensialını təşkil edir.

– Deməli turizm potensialı da özünəməxsusdur?

– Bəli, parkın çox fərqli turizm imkanları var. Turistlərə dünya xəritəsində
mövcud olan burun landşaftına malik az sayda coğrafi ərazilərdən birinə və
Abşeron yarımadasının cənub-şərq qurtaracağına – Şah Dili burnuna səyahət
fürsəti, o cümlədən Xəzər sahillərində ən təmiz, oksigenlə zəngin hava
şəraitindən yararlanmaq təklif olunur. Eyni zamanda ziyarətçilər mövsümi olaraq
müxtəlif quş növlərini, xüsusilə təbiət gözəli flaminqoları müşahidə etmək
imkanına malikdirlər. Parkda həm də sağlam həyat tərzini təşviq edən
fəaliyyətlər, bir sıra ekosistem xidmətləri də mövcuddur.

– Milli Parkda ziyarətçilər üçün hansı xidmətlər və fəaliyyətlər təklif olunur?

– 2022-ci ilin avqust ayından nazirliyin təşəbbüsü ilə parkın daxili yolu
təmir olunaraq abadlaşdırılıb, yeni velosiped zolağı istifadəyə verilib. Artıq
turistlər bir istiqamətə 6-8 km məsafədə velosiped sürə, təklif olunan
elektroskuter xidmətindən yararlana bilərlər. Dəniz kənarı ilə uzun məsafədə
piyada hərəkət və piknik köşklərindən istifadə üçün də seçimlər mövcuddur.
Parkda “Sevgi qapısı və dilək ağacı” adlandırılan kompozisiya da var. Bura
ruhun qidalanması üçün insanları niyyət təsəvvürlərinin rəmzi olaraq
gerçəkləşməsi inamına motivasiya edən məkandır.

Bu ilin mart ayının əvvəlindən başlayaraq ziyarətçilərə parkda daha səmərəli
vaxt keçirmələri üçün yeni fəaliyyətlər – dəniz kənarında at və faytonla
gəzinti, ox və nizə atma guşəsi, “Özün düzəlt” layihəsi ilə saxsı qabların
hazırlanması, Ebru art stilində rəsmlərin çəkilməsi, qısa məsafəli hava
uçuşlarından istifadə kimi bir sıra xidmətlərin təklif olunması nəzərdə tutulur.

Source link