447f61fc-dbd4-4dbb-aa9f-80b7b1e5aa0f..jpg

Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

Baxış sayı: 513 dəfə baxılıb.

Milli Qəhrəman Çingiz Mustafayevin doğum günüdür

Bu gün Azərbaycanın şəhid telejurnalisti, Milli Qəhrəman Çingiz Mustafayevin
doğum günüdür.

Şəhidin anadan olmasından 63 il ötür.

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin
Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış
Mustafayevanın ailəsində anadan olub.

Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi
liseyə yollayıb.

Novator fikirlərə malik Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda
ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ kimi də tanınır.

Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan
Tibb İnstitutuna daxil olub.

1983-cü ildə institutu uğurla bitirib. Daha sonra, o, İnşaat Mühəndisləri
İnstitutunun yataqxanasında baş həkim işləyib.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz
jurnalistikaya üz tutub. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə
kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan
haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və
televiziyalarına yol tapıb.

Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz
Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum etdiyinə görə o, “215 kl”
studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı olub.

Çingizin reportajları birbaşa cəbhədən olduğuna görə, “215 kl” studiyasını
tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli
film çəkib. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb. Həmçinin
cəbhədə bir əsgər, zabit və hətta komandan kimi vəzifələri öz üzərinə götürüb.

Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa
göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional
davranışı teletarixin dramatik səhifələri kimi yadda qalıb.

Çingiz Mustafayev Azərbaycanda reportajları ilə məşhur olsa da, dünya onu daha
çox Xocalıda çəkdiyi filmlə tanıdı. Şəhid telejurnalistin məhz bu filmi ilə
Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O isə
həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala
bildi.

Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa çəkdiyi kadrlar əsasında “Xocalı
əsrin faciəsi” adlı film hazırladı. Bu Xocalı soyqırımı haqqında ilk film idi.

1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş
zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.

O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda
Şəhidlər Xiyabanında dəfn edilib.

Source link