024e1325-88c5-4f84-9a83-54100cd2a848..jpg

Millidə ilkə imza atan qadın məşqçi: “Elə şeylər var ki, onları kişilərə demək olmur” – FOTO

Baxış sayı: 2. 104 dəfə baxılıb.

Millidə ilkə imza atan qadın məşqçi: “Elə şeylər var ki, onları kişilərə demək
olmur” – FOTO

“Əvvəl də mənə məşqçi işləmək təklif olunmuşdu. Ancaq imtina etmişdim. Onda
qarışıqlıq çox idi, məşqçi işləmək istəmirdim. İstəmədiyim məşqçilər vardı.
İndiki heyət isə yaxşıdır”.

Bunu Cixisyolu.com-a cüdo üzrə qadınlardan ibarət millimizin gənclər üzrə məşqçisi
Kifayət Qasımova deyib.

Qadınlardan ibarət millimizə məşqçilik edən Kifayət Qasımova tarixə düşdüyünü
bildirib:

“Sonuncu dəfə qadın məşqçi millidə SSRİ vaxtında çalışıb. Məşqçi
təyinatlarının olduğu tədbirdə o da qeyd olundu ki, federasiya prezidenti
istəyir ki, qadın millimizdə qadın məşqçi işləsin. Müstəqillik vaxtında millidə
işləyən ilk qadın məşqçiyəm. Ümumiyyətlə, hər zaman qadınlarda ilklərə imza
atmaqla tarixə düşmüşəm”.

O, millilərdə və idman qurumlarında qadınların sayının artmalı olduğunu
vurğulayıb:

“Demək olar ki, məşqçiliyə yeni başlamışam. Bunun üçün müəyyən təcrübə
lazımdır. Hər şeydə təcrübə lazımdır. Təcrübə olmadan nəsə əldə etmək mümkün
deyil. Məşqçiliklə idman təcrübəsi fərqlidir. Ancaq özüm necə məşq keçdikdə
nəticə verdiyimi bildiyimdən, düşünürəm ki, o qədər də çətinlik çəkməyəcəyəm.

Qadın millisində qadın məşqçinin çalışması onlar üçün də üstünlükdür. Elə
şeylər var ki, onları kişi məşqçilərə demək olmur. Özüm də idmançı olanda bunu
görmüşəm. Həm də ki qadın məşqçilər də inkişaf etməlidir. Niyə hər yerdə kişi
məşqçilər çalışmalıdır ki?! Olimpiya idman komplekslərinin direktorları,
federasiya rəhbərliyində kişilər olur, niyə də qadınlar çalışmasın?!

Milli komanda Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Mən yeni təyin
olunduğumdan, bu səfərə gedə bilməyəcəyəm. Amma bundan sonrakı təlim-məşq
toplanışları və yarışlara mən də qoşulacağam”.

Qeyd edək ki, 35 yaşlı Kifayət Qasımova 57 kq çəki dərəcəsində dünya və üçqat
Avropa mükafatçısı olmaqla, Azərbaycan qadın cüdosunun ən parlaq siması
sayılır. O həmçinin 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi
Oyunlarında iki gümüş medal (fərdi və komanda şəklində) qazanıb. K.Qasımova
bundan sonra zədəsinə görə karyerasını başa vurub. O hazırda həm də Dövlət
Gömrük Komitəsinin baş leytenantıdır.

Səbuhi Musayev

Source link