Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında keçirilən Avropa çempionatında qadınların yarışı başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, qadın güləşçilərimiz yarışı “klassiklər”imiz kimi beş medalla tamamlayıb. Onlar yarışda bir qızıl, bir gümüş və üç bürünc medal qazanıb.
Bu gün sonuncu medal qazanan idmançılarımız 57 kq-da mübarizə aparan Alyona Kolesniklə 65 kq çəki dərəcəsində yarışan Elis Manolova olub.
Alyona Kolesnik həlledici görüşdə Belarus idmançısı Zalina Sidakovaya 36 saniyə ərzində tam üstünlüklə qalib gələrək çempionatın bürünc medalını qazanıb.
İslamiadada Azərbaycana qızıl medal qazandırmış bolqarıstanlı legionerimiz Elis Manolova isə finalda Finlandiya təmsilçisi Petra Oliyə 1:3 hesabı ilə uduzaraq gümüş medala yiyələnib.
Xatırladaq ki, bundan əvvəl Mariya Stadnik qızıl, Tatyana Omelçenko ilə Səbirə Əliyeva bürünc medal qazanmışdı.
Qeyd edək ki, bu nəticə ilə qadın millimiz özünün yeni rekorduna imza atıb. Heç vaxt Avropa çempionatında bu qədər medal qazana bilməyən yığmamız turniri IV sırada tamamlayıb.