Bu gün millimiz UEFA Millətlər Liqasında ikinci oyununa çıxacaq.
ÇıxışYolu.Com xəbər verir ki, Bakı vaxtı ilə saat 22:45-də Qurban Qurbanovun yetirmələri D Liqasının III qrupunun autsayderi olan Maltanın qonağı olacaq.
Yığmamız sentyabrın 7-də Bakıda Kosovo ilə heç-heçə edibsə, Malta Farer adaları ilə səfərdə 1:3 hesabı ilə uduzub. Qrupun digər görüşü Kosovo – Farer adaları görüşü də bu gün eyni vaxtda başlayacaq.
Keçək bugünkü rəqibimiz Maltaya. Bu komanda ilə indiyədək altı dəfə qarşılaşmışıq. Bu görüşlərdən üçündə Malta, ikisində Azərbaycan qələbə qazanıb. Üç il əvvəl tərəflər arasında keçirilmiş sonuncu görüşdə isə komandalar sülh bağlayıb – 2:2. Top fərqində də maltalılar yığmamızdan öndədir – 11:7.
Həmin görüşlərin statistikasını təqdim edirik:
19.04.1994. Yoxlama oyunu. Ta Kali. Malta – Azərbaycan 5:0
06.02.2000. Mini turnir. Ta Kali. Malta – Azərbaycan 3:0
17.04.2002. Yoxlama oyunu. Ta Kali. Malta – Azərbaycan 1:0
14.08.2013. Yoxlama oyunu. Bakı. Azərbaycan – Malta 3:0
Qollar: Rüfət Dadaşov, 5, 71, Rauf Əliyev, 63
28.03.2015. Avro-2016-nın seçmə oyunu. Bakı. Azərbaycan – Malta 2:0
Qollar: Cavid Hüseynov, 4, Dmitri Nəzərov, 90+2
06.09.2015. Avro-2016-nın seçmə oyunu. Ta Kali. Malta – Azərbaycan 2:2
Qollar: Rahid Əmirquliyev, 36, 80
Göründüyü kimi, Maltaya qol vuran futbolçulardan Rauf Əliyev, Cavid Hüseynov və Dmitri Nəzərov yenə millidədir və bu futbolçuların yenidən ada təmsilçisi ilə görüşdə fərqlənmək şansı var.
Daha bir maraqlı məqam millimizin üçüncü dəfə sentyabrın 10-da matç keçirməsidir. İlk belə duel DÇ-1998-nin seçmə mərhələsində – 1997-ci ilin sentyabrın 10-da keçirilib. Onda Vaqif Sadıqovun baş məşqçisi olduğu yığmamız Budapeştdə Macarıstana 1:3 hesabıyla uduzub. Yeganə qolumuzun müəllifi 71-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirən yarımmüdafiəçi Vyaçeslav Lıçkin olub. Millimizin hazırkı baş məşqçisi Qurban Qurbanov həmin matçda 90 dəqiqə oynayıb.
Sentyabrın 10-da ikinci qarşılaşma bundan 11 il sonra Bakıda – Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Onda almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu millimiz DÇ-2010-un seçmə mərhələsində Lixtenşteynlə qolsuz bərabərliyə qalıb. Bu, Foqtsun yeddi ilə yaxın çalışdırdığı yığmamızda ilk xalı kimi tarixə düşüb. Millimizin indiki heyətindən hazırda kapitan olan Kamran Ağayev bu matçda 90 dəqiqə çıxış edib, Cavid Hüseynov isə fasilədən dərhal sonra meydana girib.
Göründüyü kimi, ilk iki cəhdində millimiz bu tarixdə qalib gələ bilməyib. İndi millimiz həm bu tarix tilsimi qırmalı, həm də Malta ilə oyunlarda qələbə sayını bərabərləşdirməyə çalışmalıdır.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com