Miloş Banjur: “Qərbin təzyiqləri göstərir ki, həqiqət Azərbaycanın
tərəfindədir” – MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
NATO-nun Yuqoslaviyaya qarşı BMT tərəfindən sanksiyalaşdırılmamış təcavüzünün
başlamasından 25 il ötür. 19 ölkənin 78 gün ərzində Serbiyanı bombardman etməsi
Yuqoslaviya Sosialist Federativ Respublikasının (YSFR) dağılmasına səbəb oldu.
Hazırda Belqrad yenidən Qərbin təzyiqi ilə üz-üzədir, ancaq bu dəfə hərbi
deyil, siyasi cəhətdən. Serbiya Respublikasının ayrılmış hissəsi olan Kosovo
bir çox Avropa İttifaqı dövlətləri və qurumlarından dəstək alaraq, Avropa
Şurasına daxil olmağa çalışır. Brüssel uzun müddətdir ki, Belqrada təzyiq
göstərir, Serbiyanı Kosovonu müstəqil dövlət kimi tanımağa məcbur etməyə
çalışır. Serbiya hakimiyyəti, təbii ki, bununla razılaşmır. Vəziyyət o həddə
çatıb ki, Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin Avropa Şurasından çıxma
ehtimalını açıqlayıb. “Onlar Serbiyadansa Kosovonun Avropa Şurasında olmasını
üstün tuturlar”, – A.Vuçiç bildirib.
Yeri gəlmişkən, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanın
AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətinin dondurulması ilə bağlı qərarından
sonra Bakıda da Avropa Şurası strukturlarından çıxmağın mümkünlüyü müzakirə
olunur. Təsadüfi deyil ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və
Serbiya Milli Parlamentinin sədri Ana Brnabiç bu yaxınlarda keçirilən görüşdə
beynəlxalq münasibətlər sistemində ikili standartları və xüsusən də, AŞPA-dakı
ikili standartları tənqid ediblər.
Eyni zamanda, Serbiya rəsmi olaraq Avropa Birliyinə dəvət olunur və Belqrad
üçün Avropa perspektivləri göstərilir. VəziyyətiCixisyolu.com-a Niş şəhər məclisinin
deputatı, texniki elmlər doktoru, Kosovo Mitrovitsa Universitetinin professoru
və Serbiya parlamentinin hakim Serb Tərəqqi Partiyasından olan keçmiş xalq
deputatı Miloş Banjur şərh edib:
– Kollektiv Qərbin, Avropa İttifaqının, anqlo-sakson dünyasının siyasəti
tamamilə prinsipsiz və səmimiyyətdən kənardır. Avropa İttifaqına daxil olmaq
yolunu tutmaq qərarına gələndə bizə dedilər ki, onlar Serbiyanın Kosovonun
müstəqilliyini tanıyacağını gözləmirlər, sadəcə olaraq, Priştina (Kosovonun
inzibati mərkəzi – red.) ilə nəqliyyat, maliyyə, gündəlik məişətlə bağlı
məsələlərdə münasibətləri tənzimləmək lazımdır. Bu, aydın bəyanat idi.
Bu, Belqradın xoşuna gəldi, çünki bu, Kosovoda yaşayan serblər üçün
sərfəlidir. Kosovolu albanlar da işlədikləri Aİ ölkələrinə Serbiyadan keçən
nəqliyyat marşrutlarından istifadə edərək gedə bilərlər, bu bizi narahat etmir.
Amma Serbiya bu yolu tutandan (2009-cu ildən, rəsmi olaraq isə 2013-cü ildən)
sonra Qərb bəzi əlavə şərtlərdən danışmağa başladı. Təxminən bir il əvvəl isə
bizə açıq şəkildə Kosovonun müstəqilliyinin tanınması məsələsinin gündəmdə
olduğunu demişdilər. Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel
Makronun Serbiya Respublikasının rəhbərliyinə təqdim olunan planı məhz bunu
nəzərdə tutur. Amma Serbiyanın Avropa Birliyinə qəbulu üçün şərt Kosovonun
tanınmasıdırsa, o zaman Belqradın boş yerə Avropaya inteqrasiya yolunu tutduğu
üzə çıxır.
Belqrad və Priştina arasındakı danışıqlar prosesinə baxın. Biz 2013-cü il
Brüssel Sazişlərində nəzərdə tutulan hər şeyi etdik, lakin Priştina, demək olar
ki, heç nə etmədi. Ən vacibi – serb bələdiyyələrinin icmasının yaradılması idi.
Serblərin bu muxtariyyəti onların gələcəyini təmin etməli idi, lakin 11 ildir
ki, məsələ həllini tapmır. Bizə aydındır ki, bu, bizim qarşımızda Priştinanı
bir az tənqid edən, lakin sonra kosovolu albanları işlərini eyni əzmlə aparmağa
təşviq edən Qərbin ikili standartlarından irəli gəlir.
Kosovoda serblərə edilən hücumlara cavab olaraq Qərb Priştina ilə danışıqlara
başladı, kosovolu albanlara Avropa Birliyi ilə vizasız rejim verildi, onları
heç vaxt qınamırlar.
BMT Təhlükəsizlik Şurasının 1999-cu il tarixli 1244 saylı qətnaməsi Serbiyanın
ərazi bütövlüyünü bir daha təsdiq edir. Orada deyilir ki, tezliklə
hərbçilərimiz Kosovo ərazisində Makedoniya və Albaniya ilə sərhədə qayıda
biləcəklər. Lakin NATO qüvvələri Kosovoya daxil olduqdan sonra bu unudulub. Aİ
ölkələrinin əksəriyyəti Kosovonu tanıyıb. İstisna beş dövlət idi ki, onların da
potensial problemləri var (separatizmlə – red.).
Kollektiv Qərb həmişə serblərə qarşı olub. 1999-cu ildə Serbiyaya qarşı 19
ölkə döyüşdü və ölkəmiz 78 gün bombardman edildi. Lakin NATO-nun bizə qarşı
qurudakı hücumu uğursuz oldu, onlar Yuqoslaviya ordusunun müdafiə mövqelərini
yarıb keçə bilmədilər. O vaxt çox insan həlak oldu, amma düşmən müdafiəni yara
bilmədiyinə görə müharibə Serbiyanın məğlubiyyəti ilə bitmədi. Amma
zavodlarımız, körpülərimiz, yollarımız, yaşayış binalarımız bombalandı. Qadağan
edilmiş kaset bombalarından və tükənmiş uranlı bombalardan istifadə edildi,
qocalar, qadınlar, uşaqlar öldürüldülər. İndi Qərbdə uranlı bombaların
istifadəsi nəticəsində xərçəng xəstəliklərinin artması ilə bağlı tendensiyaları
öyrənirlər. Bu, serb xalqı üzərində bir təcrübə idi.
– Həm Azərbaycan, həm də Serbiya bu qənaətdədirlər ki, Qərb beynəlxalq
münasibətlər sistemində ikili standartlardan istifadə edir. Elə ötən gün
parlamentlərimizin spikerləri Sahibə Qafarova və Ana Brnabiç bu barədə
danışdılar. Serbiya nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyətinin
işinin dondurulması ilə bağlı qərarını ilk olaraq pisləyib. Bakı ilə Belqrad
arasında, ölkələrimizin rəhbərləri arasında çox isti münasibətlər var, biz
ərazi bütövlüyü məsələlərində həmişə bir-birimizi dəstəkləyirik…
– Serbiyanın prinsipial mövqeyi var, baxmayaraq ki, bu prinsipial mövqeyə görə
Qərbin təzyiqi altındayıq. Prezident Aleksandar Vuçiç və hakim Serb Tərəqqi
Partiyası ölkənin maraqlarını müdafiə edirlər. Azərbaycan bizi bütün
platformalarda dəstəklədiyi kimi, biz də Azərbaycanı dəstəkləyirik. Və həmişə
belə olacaq.
Prezidentlərimiz arasında yaxşı münasibətlər var. Ötən ilin sonunda Azərbaycan
Prezidentiİlham Əliyev mənim yaşadığım Niş şəhərinə səfər etdi. Sonra qaz
kəmərinin açılış mərasimi oldu.
Qərb və Avropa strukturlarının Azərbaycana bu cür ciddi təzyiqlər etməsi
təəssüf doğurur. Amma təcrübə göstərir ki, bu baş verirsə, həqiqət Bakının
tərəfindədir.
– Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, Bakı
Avropa Şurasında iştirakına yenidən baxılmasını istisna etmir. Serbiya
Prezidenti Vuçiç də Kosovonun Avropa Şurasına mümkün qəbulu ilə bağlı həmin
qurumdan çıxa biləcəyi ilə bağlı açıqlama verib. Mənə elə gəlir ki,
Azərbaycanın Avropa Şurasından çıxması Serbiyadan daha asandır. Ətrafımızda
Avropa Birliyinə və ya NATO-ya üzv olan ölkələr yoxdur (Türkiyə istisna
olmaqla, çünki o bizim ən yaxın dostumuz və müttəfiqimizdir). Serbiyanın
vəziyyəti fərqlidir.
– Haqlısınız. Azərbaycan fərqli coğrafi situasiyadadır.
Serbiyanın vəziyyəti isə NATO və Aİ ölkələri ilə əhatə olunduğu üçün
mürəkkəbdir. Amma bu halları nəzərə alsaq belə, biz serb xalqının maraqlarına
zidd siyasətlə razılaşa bilmərik. Qərb istəyir ki, biz öz kökümüzdən əl çəkək,
oturduğumuz budağı kəsək.
Nair Əliyev