fe1e0fa5-14eb-4a58-8995-1d5f16f8605a..jpg

Milyonlarla dollar rüşvət, qızıl külçələr: Ermənistanın dələduz himayədarı – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Baxış sayı: 598 dəfə baxılıb.

Milyonlarla dollar rüşvət, qızıl külçələr: Ermənistanın dələduz himayədarı –
“Kaspi”nin ARAŞDIRMASI + FOTO

ABŞ-dəki erməni lobbisi özünün əsas dayaqlarından birini itirdi. Azərbaycan və
qardaş Türkiyəni hər fürsətdə tənqid edən, erməniləri dəstəkləyən
demokrat-senator Bob Menendes indi qanun qarşısında cavab verməyə hazırlaşır.

“Kaspi” qəzeti mövzu ilə
bağlı məqalə dərc edib.

Dünya erməniləri kədər içindədirlər. İllər uzunu onların çirkin yalanlarının,
iftiralarının, haqsız iddialarının müdafiəçisi kimi çıxış edən ABŞ Senatının
Beynəlxalq əlaqələr komitəsinin sədri Robert (Bob) Menendes dələduz çıxıb. Bu,
onsuz da bəlli idi. Ermənilərin haqsız kampaniyalarına, türkofob siyasətinə
dəstək verən belə də olmalı idi. Korrupsiya ittihamı ilə vəzifəsindən
uzaqlaşdırılan bu şəxsin cinayətlərinə onun xanımı erməniəsilli Nadin Arslanyan
da şərik olub. Senatorun bəlli olan cinayəti ondan ibarətdir ki, bu şəxs Misir
hakimiyyətinin xeyrinə göstərdiyi köməkliyin müqabilində rüşvət alıb. Menendes
vəzifəsindən müvəqqəti uzaqlaşdırılsa da, şübhəsiz ki, bu, onun karyerasının
sonu deməkdir. Azərbaycan və qardaş Türkiyəni hər fürsətdə tənqid edən,
erməniləri dəstəkləyən demokrat-senator indi qanun qarşısında cavab verməyə
hazırlaşır.

Qızıl külçələr, nağd pul, avtomobil…

Məlumata görə, Menendes və həyat yoldaşı yüz minlərlə dollar dəyərində rüşvət
almaqda ittiham olunurlar. Prokurorluğun iddiasına görə, rüşvətlərə qızıl
külçələr, nağd pul, ev ipotekası ödənişləri, yarımçıq iş günü və ya işdən
kənarda olmağa görə kompensasiya və bahalı avtomobil daxildir. Həmçinin, onun
həyat yoldaşı, milliyyətcə erməni olan Nadin Arslanyan və Nyu-Cersidən olan üç
iş adamı da bu işlərdə iştirak etməkdə ittiham olunurlar. Bu şəxslər Menendesin
ABŞ senatoru kimi səlahiyyətindən şəxsi maraqlar və Misirin xeyrinə, daha
doğrusu, ABŞ-yə halal ət tədarükündə inhisarı əldə saxlamaq üçün istifadə etmək
səylərini koordinasiya ediblər. Prokurorluqdan Menendesin evində və onun bank
qutusunda aparılan axtarışlar zamanı üzərində onun adı yazılmış pencəklərin
ciblərində zərflər də daxil olmaqla, təxminən 500 min dollar pul tapılıb.
Prokurorlar iddia edir ki, zərflərin bəzilərində senatorun rüşvət almaqda
ittiham olunduğu iş adamlarından birinin barmaq izləri və ya DNT-si olub.

Bir milyon dollarlıq rüşvət ittihamı

İttiham tərəfi Menendesin bir milyon dollardan çox rüşvət aldığını iddia edir.
Müstəntiqlərin sözlərinə görə, senator bütün bunları “köməyə görə minnətdarlıq”
kimi qəbul edib. İstintaq həmçinin siyasətçini tərəfdaşlarından birinə qarşı
cinayət təhqiqatını pozmaqda ittiham edir. Əvvəlcə Menendes bütün ittihamları
yaxın buraxmayaraq vəzifəsini tərk etməkdən imtina edib. Amma partiya
yoldaşlarının təzyiqindən sonra postunu tərk edib. Menendes 2006-cı ildə ilk
dəfə Senata namizəd olanda korrupsiyada şübhəli bilinirdi. Federal prokurorlar
siyasətçinin milyonlarla dollar federal qrant almasına kömək etdiyi və ona yüz
minlərlə dollar icarə haqqı ödədiyi qeyri-kommersiya təşkilatını araşdırırdı.
Lakin o zaman heç bir rəsmi ittiham irəli sürülməyib. 2015-ci ildə Menendes
vəzifəsindən istifadə edərək üçüncü şəxslərə pul müqabilində kömək etməkdə
şübhəli bilinirdi. Onun Floridadakı sponsoru Solomon Melgemin biznesinə dəstək
verə biləcəyi şübhələri vardı. Amma istintaq zamanı siyasətçinin xidmət
müqabilində hər hansı ödəniş və ya hədiyyə alması sübuta yetirilməyib və
2018-ci ildə ona bəraət verilib.

ABŞ-Ermənistan əlaqələrinə mənfi təsir edəcək

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov hesab edir ki,
çoxsaylı cinayətlərdə şübhəli bilinən siyasətçi Ermənistanı dəstəkləyən əsas
senatorlardan biridir və onun mühakiməsi İrəvanla ABŞ arasında yaxınlaşmaya
mənfi təsir göstərəcək. “Bu hadisədən sonra ABŞ hökumət strukturu ilə
Ermənistan rəhbərliyi arasında təmaslar azalacaq. Bu baş verərsə, Ermənistan
lideri Nikol Paşinyanın ölkəsini ABŞ-nin müttəfiqliyinə çəkmək ehtimalı da
azalacaq”, – deyə ekspert vurğulayıb.

Beynəlxalq politoloq Konstantin Bloxin də qeyd edib ki, Menendesə qarşı
aparılan istintaq 2024-cü ildə demokratların və ABŞ Prezidenti Co Baydenin
mövqelərinə ciddi təsir etməyəcək. “Bu, yalnız senatorlardan biridir. Bayden
özü də dərin dövlətin nümayəndəsidir. O, toxunulmazlar qrupuna aiddir”, –
ekspert qeyd edib.

Bayden də Menendesin getməsini istəyir

CNN analitiklərinin fikrincə, demokrat senatora qarşı cinayət işi açmaqla ABŞ
Ədliyyə Departamenti göstərmək istəyib ki, partiya mənsubiyyətindən asılı
olmayaraq siyasətçilərin fəaliyyətini eyni dərəcədə diqqətlə araşdırır.
Tanınmış siyasi şərhçi Cessi Uotters hesab edir ki, Menendesə qarşı aparılan
istintaq demokratların diqqəti Baydenin impiçment araşdırmasının başlamasından
yayındırmaq cəhdidir. O hesab edir ki, dövlət başçısının özü Menendesin Xarici
Əlaqələr Komitəsinin rəhbəri vəzifəsindən istefa verməsində maraqlıdır.
“Menendes Baydenin geri qaytarmaq istədiyi İran razılaşmasına nifrət edir.
Menendes İsraili sevir, Bayden isə o qədər də yox”, – Uotters deyib. Qeyd
edilir ki, məhkəmə işinin arxasında Bayden dayanmır, çünki o,
respublikaçılardan birinə qarşı məhkəmə prosesi başlatmağa üstünlük verərdi.

Beləliklə, sadalananlar Menendesin dələduzluğunun yalnız bir hissəsidir. Lakin
elə bunlar da onun obrazını göz önündə canlandırmaq üçün kifayətdir. Hər halda
bütün bunlar dünyaya demokratiya dərsi keçmək istəyən, insan haqlarından dəm
vuran dövlətin mahiyyətini ortaya qoyur. 30 il işğalçı ilə işğala məruz qalan
arasında fərq qoyulmaması, milyonlarla insanın hüquqlarının pozulmasına göz
yumulması dediklərimizi təsdiq edir.

Yeri gəlmişkən, Amerika Federal Prokurorluğu dərin araşdırmalar aparsa,
Menendesin erməni diaspor təmsilçilərindən aldığı rüşvətin həcmini də
müəyyənləşdirə bilər. Bu şəxs Konqresdə Dövlət Departamenti rəsmilərinə sərt
şəkildə deyirdi ki, Ankara və Bakını cəzalandırmaq lazımdır. Aydındır ki,
Menendes bu ittihamların qarşılığında da ermənilərdən milyonlar alıb.

Source link