Mina hadisələri: Ermənistanın ifşası, vasitəçilərin səssizliyi – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Artıq bir müddətdir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin
normallaşması istiqamətində müsbət tendensiya müşahidə olunur. Həm rəsmi Bakı,
həm də İrəvan bunu müxtəlif səviyyələrdə elan edirlər. Amma sülh sazişinə doğru
hələ ki konkret addımlar atılmır.
Öncə onu deyək ki, münasibətlərin normallaşması istiqamətində bu günədək qeydə
alınan irəliləyiş məhz Azərbaycanın səyləri nəticəsində mümkün olub. Belə ki,
2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə birgünlük antiterror
tədbirlərindən sonra əsas əngəllərdən biri aradan qalxdı: Qarabağdakı qondarma
rejim ləğv olundu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi. Bu
faktorun münasibətlərin normallaşmasında müstəsna rolu oldu.
Amma bütün maneələr heç də aradan qalxmayıb. Belə ki, İrəvanın öhdəlik
götürməsinə baxmayaraq, Qarabağdakı minalı ərazilərin xəritəsi Bakıya
verilməyib. Mina qurbanlarının sayı isə günü-gündən artır.
Son 2 gündə – fevralın 4-də və 5-də Tərtərdə daha iki mina hadisəsi olub.
Bununla da mina qurbanlarının sayı 344 nəfərə çatıb.
Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 4-də yaydığı bəyanatda bildirib ki,
Ermənistan tərəfindən yerləşdirilmiş minaların təhlükəsi həmişə olduğundan daha
aktualdır.
Rəsmi İrəvan daha əvvəl minalı ərazilərin xəritəsinin Azərbaycana təhvil
verilə biləcəyi barədə açıqlamalar vermişdi. Bu, özü-özlüyündə müsbət
siqnaldır, amma kifayət deyil. Görünən mənzərə ondan ibarətdir ki, Ermənistanın
baş naziri Nikol Paşinyan və onun komandası xəritə məsələsini siyasi alış-veriş
predmetinə çevirmək istəyir. Halbuki, bu, rəsmi Bakı üçün heç də keçərli
variant deyil. Azərbaycanın mövqeyi aydındır: sülhün əsas şərtlərindən biri də
minalı ərazilərin dəqiq xəritələrinin verilməsidir. Bunun əksi doğrudan da
absurddur: necə ola bilər ki, sülh sazişi imzalansın, amma Azərbaycan
vətəndaşları doğma torpaqlarına qorxa-qorxa getsinlər, mina qurbanlarının sayı
artmaqda davam etsin?!
Bu baxımdan, nazirlikdən bildirildiyi kimi, minalı ərazilərin xəritəsi
məsələsi aktual olaraq qalır. Nə qədər ki, topoqrafik məlumatlar Bakıya
verilməyib, əlbəttə, məsələ gündəmdən düşməyəcək. Mina qurbanlarının sayının
artması isə qarşılıqlı etimad mühitinin yaranmasına zərbə vuracaq. İrəvan bu
reallıq barədə düşünməlidir.
XİN-in açıqlamasında ən diqqətçəkən məqamlardan biri Ermənistanın
havadarlarına müraciətdir. Vurğulanıb ki, tərəfdaşların Ermənistanı bu
təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və
xəsarətlərə səbəb olur.
Məsələ burasındadır ki, vasitəçilik iddiasında olan, özlərini “sülh göyərçini”
sayan, əslində isə Ermənistanı dəstəkləyən Fransa, ABŞ, Avropa İttifaqı (Aİ)
kimi qüvvələr bu məsələyə səssiz yanaşırlar. Sanki nə görürlər, nə də
eşidirlər. Bu, nəyi göstərir? Birincisi, başqa vaxt demokratiyadan, insan
haqlarından ağızdolusu danışan Qərb üçün insan taleyi heç də əhəmiyyətli deyil.
İkincisi, bu oyunçular sülh istəmirlər. Əgər istəsəydilər, mina xəritələrinin
Bakıya verilməsi məsələsində səy ortaya qoyardılar. Üçüncüsü, sözügedən
aktorlar heç də neytral deyillər. Ermənistana gözün üstündə qaşın var deməyən,
amma Azərbaycanı ittiham etmək üçün bəhanə axtaran “vasitəçilərdən” necə
obyektivlik gözləmək olar?
Hazırda zaman həm Ermənistanın, həm də onları dəstəkləyən qüvvələrin əleyhinə
işləyir. Hər mina hadisəsi ilə İrəvan özünü ifşa edir, “vasitəçilər” isə
“sinifdə qalır”. Bu baxımdan, Ermənistan tələsməli, siyasi iradə ortaya qoyaraq
topoqrafik informasiyaları Azərbaycana verməlidir. Əks halda, sülh sazişindən
danışmağa nə haqqı, nə də ixtiyarı var.
“Report” İnformasiya Agentliyi