35995549-858e-4af7-9f35-2e19aa4e804f..jpg

Mina partlayışında iki ayağını itirən şəxs: “Əməliyyatda bir neçə dəfə ürəyim dayanıb” – FOTO

Baxış sayı: 489 dəfə baxılıb.

Mina partlayışında iki ayağını itirən şəxs: “Əməliyyatda bir neçə dəfə ürəyim
dayanıb” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sankt-Peterburqda yaşayırdım, Tərtərə ailəmin yanına gəldim. Düşündüm ki,
azad olunmuş əraziləri görüm, sonra qayıdım. Bu arzum iki ayağımı itirməyimə
səbəb oldu… Əməliyyat zamanı bir neçə dəfə ürəyim dayanıb, həyata yenidən
gəlmişəm”.

Bunu APA-nın Qarabağ bürosuna oktyabrın 6-da Tərtər rayonunun Həsənqaya kəndi
yaxınlığında minaya düşərək hər iki ayağını itirən Zaməddin Həsənov deyib.

Əslən Kəlbəcər rayonundan olan Zaməddin Həsənov ermənilərin işğal dövründə
minaladığı əraziyə keçib, “Ərazi minalıdır!” lövhəsini görsə də, məhəl qoymayıb:

“Biz 1993-cü ildə Kəlbəcər işğal olunandan sonra Tərtərin Həsənqaya kəndində
məskunlaşdıq. 30 ildir o kənddə yaşayırıq. Hər dəfə kənddən dağlara baxanda
ürəyim titrəyirdi, Kəlbəcəri düşünürdüm.

Sankt-Peterburqda idim. Sentyabrın 24-də Vətənə gəldim, oktyabrın 15-də
qayıdacaqdım. Dedim ki, torpaqlarımızı görüm, dağlara yaxından baxım. Beton
kanal vardı, onun üstündəki cığırla gedib-gələcəyimi düşündüm. Elə ora ilə bir
az getmişdim qabağa, güclü partlayış baş verdi. Partlayış dalğası məni havaya
qaldırdı, yerə düşdüm, ayağa durmaq istədim, gördüm ki, yox, dura bilmirəm.
Özümə gələndə gördüm ki, ayaqlarım yoxdur.

Başıma gələnlərdən sonra anladım ki, mina çox qorxuludur, heç nəyə,
qocaya-cavana baxmayan əzrayıldır”.

O, hadisə nəticəsində çox qan itirdiyini bildirib:

“Əməliyyata girəndə çox az faiz qanım olub. Həkimlər yaxınlarıma deyiblər ki,
2 dəfə ürəyi dayanıb, bir də dayansa, əməliyyatdan sağ çıxmaya bilər. Hər an
hər şeyə hazır olun. Şükür, sağ qaldım. Həkimlərin hər birinə təşəkkür edirəm
ki, onların sayəsində yenidən həyata döndüm”.

Zaməddin Həsənov azad olunmuş ərazilərə can atanları səbirli olmağa çağırıb:

“Ərazilərin minadan təmizlənməsini gözləmək lazımdır. Əks halda, onları da
mənim taleyim gözləyir. Səbir etsəydim ayaqlarımı itirməzdim”.

Z.Həsənovun müalicə aldığı Bərdə Mərkəzi Rayon Xəstəxanasının direktoru və
əməliyyatda iştirak edən həkim Vüsal Məmmədov bildirib ki, xəsarət alan şəxs
xəstəxanaya gətirilərkən, çox ağır vəziyyətdə olub.

Həkim əməliyyatın ağır keçdiyini, dəfələrlə ölümlə üz-üzə qaldıqlarını deyib:

”Əməliyyatda bir dəfə 3 dəqiqə, ikinci dəfə 5 dəqiqə civarında ürək ritmi
dayandı. Filmlərdə gördüyümüz bir səhnə ilə qarşılaşdıq. Cərrahlar əllərini
saxladılar. Amma ürək masajı ilə xəstənin həyatda qalmasına nail ola bildik”.

Vüsal Məmmədov mina partlaması nəticəsində xəsarət alanları ölümdən xilas
etməyin bir çox hallarda mümkünsüz olduğunu vurğulayıb:

“Odur ki, minalı ərazilərə üz tutanlar bu fikirdən daşınmalıdırlar.
İnsanlarımıza qadağan olunmuş zonalara girməməyi tövsiyə edirik. Risk etmək,
təhlükə ilə, ölümlə oynamaq olmaz”.

Source link