2e6ec685-16ac-4047-9e95-dcb22d10bf20..jpg

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə işçi qrupun iclası keçirilib – YENİLƏNİB + FOTO

Baxış sayı: 829 dəfə baxılıb.

Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə işçi qrupun iclası
keçirilib – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin
mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının
İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış
hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Ağdam şəhərində iclası
keçirilib.

Cixisyolu.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə
Agentliyinin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov,
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi
nümayəndəsinin müavini Bəşir Hacıyev, Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının
İdarələrarası Mərkəzi Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev, İşçi
qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycan
Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şərqi
Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin
rəsmiləri iştirak ediblər.

İşçi Qrupun iclasında, dövlət və özəl strukturlar tərəfindən daxil olmuş
müraciətlərə və hökumətin müəyyən etdiyi prioritetlərə uyğun olaraq işğaldan
azad edilmiş ərazilərdə müvafiq layihələrin icrası məqsədilə nəzərdə tutulmuş
ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi fəaliyyəti barədə
müzakirələr aparılıb.

İclasda açılış nitqi ilə çıxış edən Vüqar Süleymanov İkinci Qarabağ
müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə
fəaliyyətinə cəlb olunan dövlət və özəl qurumları tərəfindən 68 min hektar
ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləndiyini, 82 mindən artıq
partlayıcı qurğunun aşkar edilərək zərərsizləşdirildiyini bildirib. Eyni
zamanda, Böyük Qayıdış proqramı çərçivəsində Ağdam üzrə strateji əhəmiyyətə
malik layihələrin minalardan təmizlənməsi və əlaqəli şəkildə icra edilən
bərpa-quruculuq istiqamətində görülən əhəmiyyətli işlər barədə məlumat verib.

İclasda çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş
ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev ölkə
Prezidentinin azad edilmiş ərazilərin yenidənqurulması və dayanıqlı
məskunlaşmanın təmin edilməsi istiqamətindəki tapşırıqlarına uyğun olaraq
Qarabağda aparılan minatəmizləmə fəaliyyəti və sosial-iqtisadi layihələrdən
danışıb.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş
məsləhətçisi Sultan Hacıyev Əlaqələndirmə Qərargahının ötən dövr ərzindəki
fəaliyyətindən, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə
əməliyyatlarından sonra həyata keçirilən bərpa, quruculuq işlərindən, habelə
2023-cü ildə qarşıda duran vəzifə və öhdəliklərdən söz açıb.

Sonra işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müxtəlif özəl və
dövlət qurumunun əməkdaşları üçün keçirilən təlimlərin əhəmiyyəti,
minatəmizləmə sahəsində mövcud resursların birgə faydalı istismarına dair
müzakirələr aparılıb.

Ağdam rayonunda keçirilən tədbir çərçivəsində minatəmizləmə fəaliyyətinə cəlb
olunan qurumların 2023-cü il üzrə hökumət tərəfindən müəyyən edilmiş ərazilərdə
icra etdiyi təmizləmə sahələrinə səfərlər edilib, layihələrin icrasına baxış
keçirilib.

17:24

“2020-ci ilin noyabrından indiyədək 282 şəxs mina qurbanı olub, onlardan 46
nəfəri həyatını itirib, 236 nəfəri isə yaralanıb”.

“Report”un Ağdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-dan indiyədək 68 300 hektar ərazi
minadan təmizlənib. 82 522 mina aşkar edilərək zərərsizləşdirilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa
rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev
isə bildirib ki, rayonlar üzrə Ağdam rayonunun 26,2%-i, Füzuli rayonunun
22,7%-i, Xocavənd rayonunun 3,5%-i, Xocalı rayonunun 15,2 %-i, Tərtər rayonunun
isə 15,1%-i artıq minalardan təmizlənib:

“Ötən il ərzində Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində 11
obyektin təməlini qoyub, bununla da həmin obyektlərin layihələndirmə işlərinə
start verilib və əksəriyyəti artıq yekunlaşmaq üzrədir. Hazırda Ağdam rayonu
üzrə minadan təmizlənməli olan prioritet ərazilər – Kəngərli, Sarıcalı, Xıdırlı
kəndləri (bufer zonalar ilə birlikdə), Hindarx-Ağdam avtomobil yolu, Xaçınçay
su anbarından gələn kanal və digər şəhərdaxili layihələrdir”.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş
məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi
rəhbərinin müavini Sultan Hacıyev isə deyib ki, Azərbaycana minaaxtarma
işlərində Böyük Britaniya, ABŞ və Macarıstan ən çox dəstək verən ölkələrdir:

“Yardım göstərən ölkələr çoxdur, lakin bu yardımlar hələlik Azərbaycana
minaaxtarma işlərində yetərli deyil”.

Source link