Əgər hansısa xroniki xəstəliyiniz varsa, mineral sulardan yerli-yersiz
istifadə o xəstəliyi kəskinləşdirə bilər. Ona görə də, əgər mineral suyu
müalicə məqsədilə qəbul edirsinizsə, öncə həkim məsləhəti almaq vacibdir.
Mineral suların faydaları illərdir müzakirə olunur. Müalicəvi süfrə suları
tərkibindəki zəngin minerallar sayəsində ölkəmizdə də müxtəlif sağlamlıq
problemlərinin həllində geniş istifadə edilir. Nəinki müalicə, mağazaların
piştaxtalarını bəzəyən həm yerli, həm də xaricdən gətirilən müalicəvi sulardan
son vaxtlar adi su kimi istifadə edənlərin sayı artıb.
Bəs sağlamlığa faydaları ilə tanınan bu suların xüsusi içilmə qaydası varmı?
Həkim məsləhəti olmadan bu suların qəbulu insan orqanizmində hansı fəsadları
yarada bilər?
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Duzun miqdarı çoxdur
Bu sular növündən və tərkibindəki mineral duzların miqdarına, müxtəlif
elementlərin (yоd, brоm və s.), qazların (karbоn, kükürd, radоn) оlmasına görə
insan orqanizminə müəyyən fizioloji təsir göstərir. Məhz bu səbəbdən müalicəvi
vasitə kimi tətbiq edilir. Araşdırmalara görə, mineral suların tərkibindəki
mineral duzların miqdarı adi içməli sudakından qat-qat çоxdur. Ən aşağı hədd
bir litr suda bir qram, ən yuxarı hədd isə bir litrdə əlli qramdır. Buna
baxmayaraq, təbiətdə tərkibində bir qramdan az mineral duz оlan sular
(hipоtexniki sular) da vardır və bu sular müəyyən dərəcədə orqanizmə müalicəvi
təsir göstərir. Tərkibində əlli qramdan çox mineral duz оlan sular məhlul
(duzluqlu) adlanır. Mineral suya həddindən artıq durulaşdırılmış duz məhlulu
kimi baxmaq оlar. Burada duz mоlekulları iоnlara parçalanmış оlur. Оna görə də
mineral suların tərkibində duz yоx, müsbət yüklənmiş katiоnlar və оnlara
bərabər miqdarda mənfi yüklənmiş aniоnlar оlur.
Əgər xroniki xəstəliyin varsa…
Qastroenteroloq Gülnarə Həmidova “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki,
mineral suların qəbulundan öncə insanın hansı xəstəliyinin olub-olmaması
araşdırılmalıdır: “Xəstə hər hansı problemlə bağlı həkimə yaxınlaşdıqda, ümumi
müalicədən öncə çek-ap müayinədən keçir. Analizləri dəyərləndirdikdən sonra
həkimlər mineral suları içməyi tövsiyə edirlər. Əgər hansısa xroniki xəstəliyin
varsa, mineral sulardan yerli-yersiz istifadə o xəstəliyi kəskinləşdirə bilər.
Ona görə də əgər mineral suları müalicə məqsədilə qəbul edirsinizsə, öncə həkim
məsləhəti almaq vacibdir. Bu suların tərkibindəki mineralların yüksək
konsentrasiyası, xüsusilə uzun müddət ərzində nəzarətsiz istifadə edildikdə,
bədən üçün ciddi problemlər yarada bilər. Böyrək funksiyalarının pozulmasından,
ürək-damar sisteminə qədər müxtəlif sağlamlıq riskləri ilə qarşılaşmaq
mümkündür”.
İki stəkandan artıq içmək tövsiyə olunmur
Qəbul qaydalarına gəldikdə isə, həkim vurğulayır ki, mineral suyun qəbulu 14
gündən artıq tövsiyə olunmur: “Yəni, 14 gün içdikdən sonra fasilə vermək
lazımdır. Gündə iki stəkandan artıq içmək tövsiyə olunmur. İki həftə içdikdən
sonra bir ay fasilə vermək lazımdır. Ən əsası, yeməkdən öncə içmək daha
faydalıdır. Müalicəvi sular mütləq şəkildə qaydalara uyğun tükətilməlidir”.
Bu suyun həddindən artıq istifadəsi…
Türkiyəli uzman-diyetoloq Esra Koçak mineral suların faydaları və zərərləri
ilə bağlı araşdırma aparıb. O da təsdiqləyir ki, mineral suların sağlamlığa
olan faydaları uzun illərdir tanınsa da, onların həddindən artıq və ya yanlış
istifadəsi ciddi fəsadlar yaradır: “Müalicəvi sular bədənə faydalı təsir
göstərsə də, onlardan mütəmadi olaraq hər gün istifadə orqanizmdə mənfi hallara
yol açır. Xüsusilə böyrək problemləri, yüksək təzyiq və həzm sistemi ilə bağlı
narahatlıqları olan insanlar bu sulardan istifadə edərkən diqqətli
olmalıdırlar. Müalicəvi suların tərkibində müəyyən minerallar və qazlar
mövcuddur ki, bunlar müəyyən bir normada qəbul edilməlidir. Həkimlərin
məsləhəti olmadan bu suyun həddindən artıq istifadəsi balansın pozulmasına,
metabolik problemlərə və ya həzm sistemində narahatlıqlara səbəb ola bilər”.
Mineral su seçərkən nələrə diqqət edilməlidir?
Uzman vurğulayır ki, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri olan
insanlar üçün yüksək minerallı su əks-göstərişdir: “Hər bir müalicəvi suyun
özünəməxsus tərkibi və təsir sahəsi var. Ona görə də müalicəvi su alarkən, onun
tərkibini və nə üçün istifadə edildiyini bilmək vacibdir. Müalicəvi sular
maqnezium, kalsium, natrium, kalium və digər minerallarla zəngindir. Hər bir
mineralın bədənə fərqli təsiri var. Məsələn, kalsium sümüklərin sağlamlığı və
sinir sisteminin düzgün işləməsi, maqnezium əzələlərin fəaliyyəti və stressin
azaldılması üçün faydalıdır. Natrium bədəndəki maye balansını tənzimləyir, amma
çox istifadəsi yüksək təzyiqə səbəb ola bilər. Kalium hüceyrə funksiyalarını
dəstəkləyir, ürək fəaliyyətinə təsir edir. Suyun etiketində tərkibindəki
mineralların miqdarı göstərilir. Məsələn, ürək-damar sistemi ilə bağlı
problemləriniz varsa, natrium və ya maqnezium tərkibli suların istifadəsi
diqqətli aparılmalıdır. Həddindən artıq natrium qəbulu sümük əriməsi riskini
yarada bilər. Eyni zamanda yüksək təzyiq, böyrək xəstəlikləri və mədə xorası
kimi xəstəliklərin yaranmasına zəmin yarada bilər. Mineral su seçərkən natrium
az, kalsium və maqnezium miqdarı yüksək olanlara üstünlük verilməlidir”.
Məlumat üçün bildirək ki, Amerika Piylənmə Assosiasiyası gündəlik 600 ml.
mineral su istehlakını tövsiyə edir. Əgər qədərində və düzgün istifadə
edilərsə, insan sağlamlığına faydalıdır.