001fb177-e36e-4063-88d2-52705620d230..jpg

“Minimum əməkhaqqı və pensiyalardakı artım ümumi inflyasiya göstəricisindən yüksəkdir” – RƏY + FOTO

Baxış sayı: 778 dəfə baxılıb.

“Minimum əməkhaqqı və pensiyalardakı artım ümumi inflyasiya göstəricisindən
yüksəkdir” – RƏY + FOTO

“Əgər biz inflyasiyanın qarşısını ala bilmirdiksə, ondan təsirlənən insanlara
hansısa bir formada dəstək göstərməliydik. Bu isə hazırda əməkhaqqı və
pensiyaların, eyni zamanda ünvanlı sosial yardımın artırılması formasında
təzahür edir”.

Bu sözləri mövcud sosial islahatları şərh edən iqtisadçı-ekspert Eldəniz
Əmirov Cixisyolu.com-a açıqlamasında deyib. O, 2019-cu ildən 2022-ci ilə qədər altı
milyard manat vəsait xərclənərək üç sosial paketin həyata keçirilməsinə diqqət
çəkib:

“2023-cü ildən 750 milyon manat vəsait hesabına artıq dördüncü sosial paketin
həyata keçirilməsi planlaşdırılır. Birinci hissə olaraq bilavasitə minimum
əməkhaqqı və minimum əmək pensiyasının həcminin artırılmasıyla bağlı bir
sərəncam da verildi. Nəticədə biz faiz nisbətində əməkhaqqından daha çox,
pensiyanın artımını müşahidə etdik. Belə ki, 16,66 faiz əmək pensiyalarının
minimum həddi, 15 faiz isə minimum əməkhaqqı qaldırıldı. Bu ildən ehtiyac
meyarının 200 manatdan 246 manata qaldırılması isə bilavasitə ünvanlı sosial
yardımın artmasına xidmət edəcək”.

Bu artımın inflyasiyanı kompensasiya edib-etməyəcəyinə gəldikdə isə
müsahibimiz bildirir ki, burada rəsmi statistikaya müraciət etmək
məcburiyyətindəyik:

“Rəsmi statistikaya görə, ümumi inflyasiya 2022-ci ildə 14 faizə yaxın oldu,
ərzaq inflyasiyası isə 20 faizdən artıqdır. Yəni hazırkı 15 faizlik artım ümumi
inflyasiya göstəricisindən yuxarı, ərzaq inflyasiyası göstəricisindən isə
aşağıdır. İnsanlar isə hazırda vəsaitlərinin 55 faizdən artığını məhz ərzaq,
spirtli içkilər, tütün məmulatlarına sərf edirlər. Bu baxımdan düşünürəm ki,
insanlar üçün əsas məsələ ərzaq inflyasiyasının göstəriciləridir. Çünki ümumi
inflyasiya hesablanarkən 500-dən artıq məhsulun artım dinamikası götürülür və
orta göstərici çıxarılır. Yəni bu məhsullar içərisində eləsi var ki, biz heç
adını eşitməmişik, ya da ildə bir dəfə istifadə edirik. Amma yağı biz hər gün
istifadə edirik. Ümumiyyətlə, insanların əsas tələbatı 20-30 adda məhsuladır.
Onların qiyməti isə digərləri ilə müqayisədə daha çox artdığı üçün insanlara
daha çox təsir edir”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, bəzi ekspertlər minimum əməkhaqqının
artırılmasının sahibkarlara ziyan vurduğunu deyirlər, ancaq bu yanaşma doğru
deyil:

“Belə şərh olunur ki, minimum əməkhaqqı artanda sahibkarın da sığorta, vergi,
istərsə də əməkhaqqı baxımından ödədiyi məbləğlər artacaq. Bu tip yanaşmaları
oxuyanda mən, sadəcə, təəssüf hissi keçirirəm. Anlayıram, sahibkarları müdafiə
etmək də bizim vəzifəmiz olmalıdır, amma ölkədə sahibkarmı, yoxsa vətəndaşmı
daha önəmlidir? Hesab edirəm ki, o tip açıqlamalar doğru deyil”.

Sayad Həsənli

Source link