9ebbc25d-118b-4d72-b975-13a7648917c8..jpg

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı MƏHKƏMƏ: “Rəisimiz bölgünü belə təyin etmişdi”

Baxış sayı: 559 dəfə baxılıb.

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı MƏHKƏMƏ: “Rəisimiz bölgünü belə təyin
etmişdi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin
sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə
Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə
idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin
sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin
sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Vüqar Cəfərov bildirib ki, yoxlamalar zamanı 2 hərbi hissədə maliyyə
xidmət rəisi işləyib. Mənimsənilən məbləğdən onun üzərinə 99 min 600 manat pul
düşüb. Onu da tam ödəyib.

“İşlədiyim ikinci hərbi hissədə yoxlama olmayıb. Mənimsənilən məbləğlərin
20-50 faiz nisbətinə görə bölünürdü. İstintaq dövründə mənim mənimsədiyim pul
124 min manat məbləğində göstərilmişdi. Sonradan bildirdim ki, həmin pulun
təxmini 20 faizini Süleyman Abbasova vermişəm. Mən işlədiyim dövrdə bir dəfə
xüsusi tapışırıq olmuşdu. Ümumi puldan 35 min manatını da həmin xüsusi tapşırıq
əsasında vermişəm, – o deyib.

Şahid Bəxtiyar Ələkbərov bildirib ki, 2021-ci ilin mart ayından Müdafiə
Nazirliyinin hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyib. Həmin hərbi
hissədə 224 min 365 manat çatışmazlıq aşkar olunub. O, təftişə cəmi bir dəfə
pul verdiyini və mənimsənilən pullardan öz üzərinə düşən məbləği tam ödədiyini
deyib.

Məhkəmə iclasında şahid qismində ifadə verən Elman Mirzəyev deyib ki, təftiş
vaxtı həbi hissələrin birində maliyyə xidmət rəisi işləyib. O, həmin hərbi
hissədə 658 min manatdan çox pul mənimsənildiyini, 91628 manatının onun üzərinə
düşdüyünü və həmin məbləği də büdcəyə tam ödədiyini bildirib.

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında maliyyə xidmət rəisi işləyən
Hüseyin Yusibov bildirib ki, hospitalda yoxlamalar zamanı 3 milyon manat
çatışmazlıq aşkar olunub:

“Həmin puldan 1 milyon 235 min manat mənə qalıb, qalan pulları təftişə və
maliyyələşməyə vermişəm. Mənim üzərimə düşən məbləğin 380 min manatını büdcəyə
ödəmişəm qalanını da ödəyəcəyəm”.

O, həmçinin vurğulayıb ki, 335 min manat pulu xüsusi tapşırıqla müəyyən
adamlara verib.

Şahid Füzuli Ələkbərli deyib ki, təftiş dövründə 3 hərbi hissədə maliyyə
xidmət rəisi işləyib. Onun sözlərinə görə, işlədiyi hərbi hissələrin hamısında
mənimsənilən pulların bölüşdürmə standartları eyni olub.

“Pulların 65 faizini Cəlal Kazımova vermişəm, 35 faizi isə özümə qalıb.
Rəisimiz bölgünü belə təyin etmişdi. Bir hərbi hissədə çatışmazlıq təxmini 400
min manatdan çox idi. İşlədiyim digər hərbi hissədə isə 693 min manat mənimsəmə
faktı müəyyən olunmuşdu. Bütün hərbi hissələrdəki mənimsənilən pullardan 500
min manatı mənə qalıb, 100 min manatını büdcəyə qaytarmışam, qalanını da
qaytaracağam”.

Müttəhim Cəlal Kazımov şahid F.Ələkbərlinin ifadələrinə etiraz edərək onun
sözlərinin yalan olduğunu deyib:

“Kişi ol! düz danış! Bu adam yalan və absurd ifadələr verir. Bunun belə
görünməyinə baxmayın, özündən yeni şeylər kəşf edib, ənənəvi sistemdən fərqli
işləyib”.

Şahid F.Ələkbərli vəkillərin suallarını cavablandırarkən müəyyən olunub ki,
onun mənimsənilən pullarla bağlı bildirdiyi məbləğin hamısı Cəlal Kazımovun
dövrünə düşməyib. O, daha sonra həmin pullarla bağlı bildirdiyi məbləğin
işlədiyi bütün dövrləri əhatə etdiyini deyib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi
general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin
sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi
Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin
Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov,
həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd
Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət
Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat
nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə
ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon
manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə
göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı
ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə
külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli
sürülüb.

Source link