8f4cb3f3-c4a1-42ab-973b-a54f9ca207c0..jpg

MN-dəki 143 milyonluq mənimsəmə: “Nəcməddin Sadıkov məni kabinetinə çağırıb 800 min manat pul verdi”

Baxış sayı: 577 dəfə baxılıb.

MN-dəki 143 milyonluq mənimsəmə: “Nəcməddin Sadıkov məni kabinetinə çağırıb
800 min manat pul verdi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin
sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə
Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə
İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin
sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə
keçirilən prosesdə şahid qismində hazırda həbsdə olan Müdafiə Nazirliyinin
Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov dindirilib.

Qeyd edilib ki, Məlikməmməd Qurbanov Müdafiə Nazirlində baş verən 143 milyon
manatlıq yeyinti cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətindən aparılan
istintaq zamanı məsuliyyətə cəlb olunub. Sonradan onun barəsində olan cinayət
işi ayrıca icraata götürülüb və hazırda cinayət işinə məhkəmədə baxılır.

Sabiq idarə rəisi ifadəsində bildirib ki, işlədiyi dövrdə iki dəfə Maliyyə və
Büdcə İdarəsinin rəisi işləmiş Nizami Məmmədova pul verib: “Nəcməddin Sadıkov
məni kabinetinə çağıraraq 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat
verdi ki, Nizami Məmmədova çatdırım. Mən də onun tapşırığını icra etmişəm. Bu
pulun hansı səbəbdən verilməsindən xəbərim olmayıb. Mən baş qərargah rəisinin
göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq
lazımdır, buna da baş qərargah rəisi göstəriş verib. Şirkətlərdən gələn
təklifləri, eyni zamanda bağlanan müqavilələrlə bağlı baş qərargah rəisinə
məruzə etmişəm. Baş qərargah rəisi də məni çağırıb deyirdi ki, hansı şirkətlə
müqavilə bağlamaq olar, hansı ilə olmaz. Şirkətlərlə bağlı komissiya 12
nəfərdən ibarət olub. Burda bir neçə nazirliyin nümayəndəsi təmsil olunub.
Komissiyanın sədri isə mənim müavinim idi. Tenderlərdə əsasən “Azərsun holdinq”
və onun törəmə şirkətlərinə iştirak etmək icazəsi verilib”.

Məlikməmməd Qurbanov bildirib ki, Nizami Məmmədovun satınalma və təchizata heç
bir aidiyyəti olmayıb:

“Nizami Məmmədov şirkətlərlə bağlanan müqavilələrdə iştirak etməyib.
2015-2019-cu illər ərzində nazirlik tərəfindən ümumilikdə şirkətlərdən 19
milyon 600 min manat pul alınıb. Həmin illərdə pullar ən çox “Azərsun
holdinq”dən alınıb”.

General Nizami Məmmədov şahidin ifadəsinə münasibət bildirərək qeyd edib ki,
satınalma ona aidiyyəti olmayan bir sahədir: “2023-cü ilin iyulunda bu məsələ
ilə bağlı mənə yeni ittiham verdilər. Əgər Məlikməmməd Qurbanovun dediyi pulu
alsaydım, danmazdım, deyərdim. Nəcməddin Sadıkovun mənə nə borcu var idi, nə
tabeçiliyi. Nə də məndən qorxusu var idi ki, mənə o qədər pul göndərsin. Mən
Maliyyə və Büdcə İdarəsinə rəis gələnə kimi, üzr istəyirəm ora “bazar” idi. Mən
gələndən sonra satınalma ilə bağlı məsələləri yığışdırdım. Daha hər hansı
şirkət müdiri yanıma gələ bilməzdi. “Azərsun holdinq”in nümayəndəsi ifadə verib
ki, guya mənə pul verib, məni tanıyır. Gəlsin, desin ki, Nizami Məmmədovu
tanıyıram”.

Prosesdə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını
cavablandıran Məlikməmməd Qurbanov şirkətlərdən gələn faizləri kimlərə
verilməsi ilə bağlı suallara cavab verməkdən imtina edib.

Məhkəmədə şirkət rəhbərləri Azər Rəsulov və Hüseyn Əliyev də dindirilib.
Şirkət rəhbərləri Müdafiə Nazirliyi ilə bağlanan 670 min manatlıq müqavilə
bağladıqlarını təsdiq ediblər.

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi işləmiş, hazırda həbsdə
olan Fikrət Mirzəyev bu iş üzrə şahid qismində ifadə verib:

“Bizim idarə Müdafiə Nazirliyinin hərbi hissələrində təmir-tikinti işləri ilə
məşğul olub. Tapşırıqları əsasən Nəcməddin Sadıqovdan alırdıq. Müdafiə
Nazirliyi daimi iş görmə qabiliyyətinə bələd olduğu şirkətlərlə işləyirdi.
Hansı şirkətlə işləməyimizi Baş Qərargah rəisi məsləhət görürdü”.

Məhkəmə prosesi mayın 3-də davam edəcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi
general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin
sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi
Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal
Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi,
polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat
İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar
idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi
Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Source link