MN-dəki mənimsəmə ilə bağlı məhkəmə: “Hər ay 25 nəfərin adına ödəniş edilib,
komandirin xəbəri olmayıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin
sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə
Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə
idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin
sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə
keçirilən prosesdə şahid qismində Cəbrayıl Orucov ifadə verib.
O bildirib ki, iki hərbi hissədə və hərbi polisdə maliyyə xidmətinin rəisi
vəzifəsində çalışıb. Onun sözlərinə görə, qanunsuz ödənişlərə yol veriblər,
mənimsəmə faktları olub.
Şahid deyib ki, hərbi hissələrdə maliyyə hesabı açılıb: “Dövlət büdcəsindən
həmin hesablara ödəniş edilib. Biz də həmin pulları nağdlaşdırıb götürmüşük.
Vəsaitin 60 faizini rəisimə vermişəm, 40 faizi isə özünə qalıb”.
Şahid qeyd edib ki, “ölü kart”lar yaradılıb, həmin kartların sahibləri
olmayıb: “Pullar həmin kartlara köçürülüb. Hər ay 25 nəfərin adına ödəniş olub.
Onlardan da 14-ü qadın olub. Bu əməkhaqqı cədvəlinin siyahısını hərbi hissə
komandiri təsdiqləyib. Amma bu qanunsuzluqdan hərbi hissə komandirin xəbəri
olmayıb”.
Şahid onu da qeyd edib ki, iki hərbi hissədən ona ümumilikdə 800 min manat
qalıb, qalan pulu isə təftişə gələnlər götürüb. O əlavə edib ki, sonuncu
yoxlama 2021-ci ilin yanvarında aparılıb, həmin yoxlama qrupuna isə rəhbərliyi
Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rəfael Xələfov edib: “Həmin
yoxlama zamanı bilinməyən məbləğlər olurdu ki, bunu da ancaq biz özümüz
bilirdik. Bunu da heç kimə məruzə etmirdik. Rəfael Xələfov bunu müəyyən etdi və
həmin məbləğin 60 faizini götürdü”.
Daha sonra ifadə verən Sadiq Hacıyev bildirib ki, maliyyə hesabatına köçürülən
şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə
verib. Şahid qeyd edib ki, onun tərəfindən mənimsənilən pulun 1 milyon 500 min
manat olduğu yazılıb: “Mən bununla razı deyiləm. Çünki bu qədər pulu mən
görməmişəm. Maliyyə sənədləri məhv edilib, bunu da yoxlama aparan şəxslərə
sübut edə bilməmişəm. Yoxlama aparan şəxslər mənə dedilər ki, sənəd gətir, sən
deyəni yazaq. Mən də həmin sənədləri təqdim edə bilməmişəm. Çünki həmin
sənədlər məhv edilib. Bunun da günahkarı mən deyiləm”.
Şahid deyib ki, Nizami Məmmədovdan heç bir göstəriş almayıb. Onun sözlərinə
görə, qanunsuzluqlarla bağlı göstərişi ona maliyyə xidmətinin rəisi verib.
Şahid bildirib ki, mənimsənilən puldan heç bir ödəniş etməyib, evini, maşınını
satışa qoyub: “Amma ev və maşını sata bilməmişəm. Buna görə də ödəniş etməyim
mümkün olmayıb”.
Daha sonra şahidin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, həmin
ifadəsində mənimsəmə faktlarını etiraf edib.
Növbəti proses yanvarın 19-da davam edəcək.
Qeyd edək ki Nizami Məmmədov, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin
sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ)
Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların
maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə
xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və
Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin, nazirliyin
Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov,
nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs
ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları
mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon
manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə
göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı
ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə
külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli
sürülüb.