ec863e49-62d0-43e3-a06c-e17b703b0e52..jpg

MN-dən Heydəriyə cavab: “Ermənistanın iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır”

Baxış sayı: 910 dəfə baxılıb.

MN-dən Heydəriyə cavab: “Ermənistanın iki əsas müttəfiqi varsa, onlardan biri
Fransa, ikinci isə İrandır”

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri
tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər
səsləndirilmişdir.

K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması
və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD
terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu
iddia edir. O eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə
dəyişikliklərə icazə verilməyəcəyini deyir.

Öncə bildiririk ki, Azərbaycan Respublikası ərazisində hər hansı xarici
qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə
qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan Respublikasının ərazisində kənar
elementlər mövcud deyildir.

K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan
ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində
Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilmişdi.
Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici
açıqlama verməmişdir. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da
güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas
müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır.

Azərbaycan Respublikası bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və
dövlətlərin daxili işlərinə qarışmır.

44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə
etməsinə dair ittihama cavab olaraq bildiririk ki, Şanlı Azərbaycan Ordusu
təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu
iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz
terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin
törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi
istehza və gülüş doğurur.

Source link