Hərbi çağırışa möhlət hüququ olmayan Azərbaycan Respublikasının hər bir vətəndaşı ailə tərkibindən, özünün və valideynlərinin cəmiyyətdəki mövqeyi və nüfuzundan, o cümlədən tutduğu vəzifədən asılı olmayaraq, hərbi xidmətə çağırılır və bundan qürur duyur.
ÇıxışYolu.Com xəbər verir ki, bu fikri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı son günlər ailələrin tək oğlan övladlarının hərbi xidmətə çağırılmamaları, həmçinin ön xətt bölmələrində xidmətə cəlb edilməmələri KİV-lərdə yayılan məlumatlarla əlaqədar “Azərtac”a açıqlamasında deyib.
V. Dərgahlının sözlərinə görə, Azərbaycanda həmçinin ailənin tək oğlan övladları da hərbi xidmətə çağırılır və müxtəlif istiqamətlərdə, xidmət sahələrində öz vəzifə borclarını şərəflə yerinə yetirirlər:
“Ordumuzda xidmət edən gənclərin hansısa təbəqələrə bölünməsi kimi ziyanlı tendensiya mövcud deyil və düşünürəm ki, belə bir addımın atılması da xoşagəlməz hal kimi dəyərləndirilir. Unutmayaq ki, belə söhbətlərin yayılması vətəndaşlar arasında çaşqınlığın və narazılığın yaranmasına səbəb ola bilər. Bu isə şübhəsiz ki, Ermənistan xüsusi xidmət orqanlarının məqsədlərinə yarayan bir məsələdir. Bunu nəzərə alaraq hesab edirəm ki, bu gün belə bir mövzunun ortaya atılması ziyanlıdır, yolverilməzdir və düşmənin planları ilə üst-üstə düşür”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri möhlət məsələsinə də münasibət bildirərək qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla hərbi xidmətə çağırışla bağlı digər möhlət hüquqlarından bəhs etmək cəbhədəki vəziyyəti tam qiymətləndirməmək deməkdir. Çünki Ordumuzun qarşısında ərazi bütövlüyümüzün təmin olunması kimi müqəddəs və şərəfli vəzifə durur.
“Bu gün Ordumuzun sıralarında ailələrin tək övladı olan zabitlərimiz, gizirlərimiz və hərbi xidmətə könüllü surətdə gələn müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçuları vardır və onlar vəzifələrinin öhdəsindən şərəflə gəlirlər. Onların əksəriyyəti ön xətt bölmələrində, düşmənlə üzbəüz mövqelərdə xidmət edirlər.
Ancaq belə müzakirələrə qoşulanların məntiqi ilə hərəkət etmiş olsaq, onda gərək çağırışçılarla bərabər yuxarıda sadaladığım kateqoriyadan olan ailənin tək oğlan övladlarının da ordumuzda xidmətə cəlb edilməsinin qarşısı alınsın. Bu isə ölkəmizin müdafiə qüdrətinə vurulan zərbə kimi qiymətləndirilməlidir”, – deyə Vaqif Dərgahlı bildirib.