806b718b-f128-40fe-a8cb-2e81a753d4e9.jpg

Modelyerin biznesmen atasının qətlində təqsirləndirilən şəxslərdən biri məhkəmədə ifadə verib

Baxış sayı: 169 dəfə baxılıb.

Məşhur modelyer Elnarə Bəkirovanın atası, biznesmen Kamran Bəkirovu öldürməkdə
təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə
prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə
Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namiq Əliyev ifadə
verib. O bildirib ki, cinayət baş verən zaman öz maşınında gözləyib:

“Mən, Mustafa Zeynalov və Kamran Bəkirovla maşınla Ləhiş bağlarında yerləşən
“Şəhid bulağı” adlanan yerə gedərkən onlar arasında mübahisə yarandı. Maşını
kənara çəkib düşdülər. Onlar getdikdən sonra qışqırıq səsləri eşitdim. Hadisə
yerinə gələrkən Mustafa Zeynalovun Kamran Bəkirovu qətlə yetirdiyini gördüm.
Onun içəri aparılmasında Mustafa Zeynalova yardım etdim. Daha sonrasından
məlumatım olmadı”.

Təqsirləndirilən şəxs əlavə edib ki, 14-cü polis bölməsinə dəvət olunduqdan
sonra əməlini etiraf edib:

“Bir müddət sonra Mustafa polis tərəfindən saxlanıldı. Mən də bölməyə
çağırıldıqdan sonra əməlimi etiraf etdim. Hadisə baş verən ərazini polis
əməkdaşlarına göstərdim. Onlar axtarış edərək Kamran Bəkirovun meyitinin quyuda
olduğunu müəyyən etdilər”.

İclas noyabrın 7-dək təxirə salınıb.

Qeyd edək ki, 1954-cü il təvəllüdlü Kamran Bəkirovun öldürülməsi faktı ötən il
aprelin 6-da Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları yaşayış
massivində baş verib.

İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək
üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran
Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini
gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə
əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət
Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən
başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam
öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham elan
edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər
Məhkəməsinə göndərilib.

Qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer
Elnarə Bəkirovanın atasıdır.

Mustafa Zeynalov uzun illər polis orqanlarında işləyib. O, 20 il əvvəl rüşvət
almaqda təqsirli bilinərək həbs olunub, 5 il azadlıqdan məhrum edilib. Namiq
Əliyev isə bankda çalışıb.

Source link