086b06ab-9a48-487a-8498-ecd063805e71..jpg

Moldovada 20 Yanvar faciəsi qurbanları yad edilib – FOTO

Baxış sayı: 780 dəfə baxılıb.

Moldovada 20 Yanvar faciəsi qurbanları yad edilib – FOTO

Moldovanın paytaxtı Kişineuda 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı
anım tədbiri keçirilib.

Azərbaycannın Moldova Respublikasındakı Səfirliyindən verilən məlumata görə,
mərasimdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, səfirliyin
önündə faciə qurbanlarının xatirəsinə həsr edilmiş guşə önünə çiçəklər düzülüb.

Anım tədbirində Qanlı Yanvar faciəsinin ildönümünü və vətənimizin azadlığı
naminə canlarından keçmiş şəhidlərimizin xatirəsini yad etmək məqsədilə
Moldovada yaşayan çoxsaylı soydaşlarımız, ölkənin dövlət və ictimaiyyət
nümayəndələri, akkreditə olunmuş diplomatik nümayəndəlik və beynəlxalq
təşkilatların rəhbərləri, Moldova Xarici İşlər və Avropaya İnteqrasiya
Nazirliyinin idarə və şöbə müdirləri, yəhudi diaspor təşkilatların
nümayəndələri, tələbələr və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov 20 Yanvarın anım və qürur günü
olduğunu bildirib.

Səfir 20 Yanvar hadisələrinə ilk dəfə Ümummilli lider Heydər Əliyev tərəfindən
siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb. O gün şəhid olan bütün
qəhrəmanların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayan
Q.Osmanov qeyd edib ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər
azadlıq və vətənin bölünməzliyi uğrunda canlarından keçən hər bir şəhidin
ruhunu şad edib. Azad olunmuş ərazilərdə quruculuq bərpa işlərindən söz açan
diplomat dövlət başçısıİlham Əliyevin yeni prioritet adlandırdığı
azərbaycanlıların Qərbi Azərbaycana öz doğma torpaqlarına da yaxın zamanlarda
qayıdacağına ümüdvar olduğunu bildirib.

Moldova parlamentinin deputatı, Moldova-Azərbaycan Parlamentlərarası Dostluq
qrupunun Moldova tərəfindən sədri Vitali Jakot çıxışında sovet hakimiyyətinin
dinc azərbaycanlılara qarşı törətdiyi cinayəti pisləyib, Moldova ilə Azərbaycan
xalqlarının oxşar taleyindən, ərazilərində separatizm ilə üzləşdiyini
söyləyərək, bənzər fəciələrin təkrar olunmaması üçün beynəlxalq ictimaiyyət
tərəfindən bu hadisələrə düzgün siyasi-hüquqi qiymətin verilməsinin vacibliyini
vurğulayıb.

Moldovanın Baş nazirinin insan hüquqları üzrə müşaviri Nikolay Rediste
çıxışında qeyd edib ki, Moldova Hökuməti terror, insan ölümünə səbəb olan
istənilən təcavüzü qətiyyətlə pisləyir. Moldova rəsmisi ortaq keçmişimizi
unutmamağı, belə hadisələrdən sonra sülhə daha da böyük qiymət verildiyini
söyləyib.

Türkiyənin Moldovadakı səfiri Uyğur Mustafa Sərtəl çıxışında Azərbaycan
xalqının 20 Yanvarda göstərdiyi vətənpərvərlik, iradə və şücaətin ən böyük
hörmətə layiq olduğunu bildirib.

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov 20 Yanvar faciəsinin
Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu, dövlətimizin
azadlığı, xalqımızın birliyi və həmrəyliyinə gedən yolda mühüm rol oynadığını
söyləyib. O, həmçinin qeyd edib ki, milyonlarla həmyerlimiz hadisənin səhəri
günü Azadlıq meydanında toplaşaraq, xalqımızın sovet cəlladları qarşısında
əyilməz və qorxmaz olduqlarını nümayiş etdiriblər.

Diasporun fəal nümayəndəsi, şair Yasin Seyid 20 Yanvarda ölkəmizin
müstəqilliyi yolunda canlarından keçən şəhidlərimizin Azərbaycan xalqının
qəlbində daim yaşayacaqlarını qeyd edib.

Qeyd edək ki, səfirliyin önündə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə
əlaqədar Qanlı Yanvarda törədilmiş və görünməmiş qəddarlığı əks etdirən tarixi
foto şəkillərdən ibarət sərgi təşkil olunub.

Tədbir yerli KİV-də geniş işıqlandırılıb.

Source link