Moldovada 8 Noyabr – Zəfər Günü qeyd edilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın Moldovadakı Səfirliyinin təşkilatçılığı ilə Səfirliyin önündəki
“Qələbə” bağçasında Zəfər günü qeyd edilib.
Tədbirdə Moldova Parlamentinin sədrinin müavini Mixail Popşoy, qardaş Türkiyə
Respublikasının səfiri Uyqar Mustafa Sertel, Moldovanın Millətlərarası
Münasibətlər Agentliyinin sədri Nikolay Reditse, bu ölkədə akkreditə olan
diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər, milli azlıqların
icma rəhbərləri və diaspor üzvləri iştirak ediblər.
Zəfər günü münasibətilə səfirliyin önündəki “Qələbə” bağçasında XVIII əsrin
məşhur Azərbaycan şairi və ictimai xadim, Qarabağ xanının vəziri Molla Pənah
Vaqifin barelyefinin açılış mərasimi olub.
Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov nitqində ilk olaraq xalqımıza bu
Qələbəni bəxş edən, Azərbaycanın ərazi bütövlüyü və süverenliyi yolunda
canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad edib. Səfir bu gün
Xankəndidə keçirilən hərbi paradı qeyd edərək, xalqımızın qürur mənbəyi olan
Qələbəni tarixi ədalətin bərpası və beynəlxalq hüququn təntənəsi adlandırıb.
Diplomat Ermənistanın ölkəmizə qarşı destruktiv və işğalçılıq siyasətinə
baxmayaraq, Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu bildirib. Həmçinin
səfir işğaldan azad olan ərazilərdə aparılan genişmiqyaslı tikinti-bərpa,
yenidənqurma işlərindən danışıb, “Böyük qayıdış” proqramı çərçivəsində bu
torpaqların əsl sahibləri olan keçmiş məcburi köçkünlərin doğma yurdlarına
qayıtdığını bildirib.
Moldova Parlamentinin sədr müavini Mixail Popşoy Azərbaycan xalqını böyük
bayram münasibətilə təbrik edərək Moldovanın hər zaman ölkəmizin ərazi
bütövlüyünü, suverenliyini dəstəklədiyini və bunun qarşılıqlı olduğunu
bildirib. O, yaxın gələcəkdə Dnestryanı münaqişəsinin sülh yolu ilə həll
olacağına ümid ifadə edərək, bunun regionun inkişafına töhfə verəcəyini qeyd
edib. Moldova rəsmisi həmçinin ölkələrimiz arasında inkişaf edən dostluq və
əməkdaşlıq münasibətlərindən söz açıb, Moldovada fəaliyyət göstərən Azərbaycan
diaspor təşkilatının nümunəvi və aktiv fəaliyyətini vurğulayıb.
Qardaş Türkiyə Respublikasının səfiri Uyqar Mustafa Sertel çıxışında 44-günlük
müharibə nəticəsində əldə edilən Qələbəni bütün türk dünyasının qələbəsi
adlandırıb. O, eyni soykökə, dilə, dinə, mədəniyyətə və tarixi bağlara malik
olan xalqlarımızın sevincli, kədərli günlərində hər zaman bir-birinin yanında
olduğunu dilə gətirib.
Moldovada tanınmış siyasi analitik Vitaliy Andreyevskiy çıxışında Azərbaycanın
Qələbəsini tarixi adlandıraraq, əldə edələn Zəfərin güclü lider və xalqın
birliyi tandemi əsasında qazanıldığını vurğulayıb.
Daha sonra ürək sözləri ilə Moldovanın Millətlərarası Münasibətlər
Agentliyinin sədri Nikolay Reditse, Moldova Azərbaycan Konqresinin sədri Elçin
Bayramov, siyasi ekspert Ruslan Şevçenko, diasporun fəal üzvü Maarif Rəhimov və
milli diaspor təşkilatlarının rəhbərləri çıxış ediblər.
Tədbirin sonunda qonaqlara Azərbaycan mətbəxinin təamları təqdim edilib.
Həmçinin səfirlikdə Zəfər Gününə həsr edilmiş fotolardan ibarət sərgi təşkil
olunub.