Moldovalı gimnast: “Ocaq” Beynəlxalq Kubokunun bürünc medalı mənə Bakı
səfərimi xatırladacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bakıya ilk səfərimi bədii gimnastika üzrə 2-ci “Ocaq” Beynəlxalq Kubokunda
qazanılan bürünc medal xatırladacaq”.
Bu barədə Trend-ə 2012-ci il təvəllüdlü gimnastlar arasında (B qrupu) halqa
ilə hərəkətlər proqramında bürünc medal qazanan, Moldova idmançısı Elizaveta
Bodruq deyib.
“Bakıya yarışa geləndə mükafatlar haqqında düşünmürdüm, əsas o idi ki,
proqramı yaxşı təqdim edim. İndi də “Ocaq” kubokunun bürünc medalı Azərbaycanda
keçirdiyim xoşbəxt günləri xatırladacaq”, – deyə gənc gimnast bildirib.
Moldovadan olan idmançı qeyd edib ki, turnir zamanı o, iki proqram – alətsiz
hərəkətlər proqramı və halqa ilə kompozisiya ilə çıxış edib:
“Bakıdakı Gimnastika Arenasında yarış döşəyinin üzərinə çıxanda yarışın
miqyasını hiss edirsən. Şadam ki, həmin turnirdə iştirak etmək imkanım oldu”.
Qeyd edək ki, 10-12 noyabr tarixlərində 2-ci “Ocaq” Beynəlxalq Kuboku
keçirilir. Yarışda fərdi proqramda 325 gimnast, qrup hərəkətlərində isə 21
komanda çıxış edir. Ümumilikdə 2-ci “Ocaq” Beynəlxalq Kubokunda 14 ölkədən
nümayəndələr iştirak edirlər.