Moldovalı iş adamları sənaye zonalarına investisiya yatırmağa dəvət ediliblər
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 15-də Moldova Respublikasının Sahibkarlığın İnkişafı Təşkilatının
(ODA) direktoru Dumitru Pinteanın başçılıq etdiyi nümayəndə heyəti ilə Sumqayıt
Kimya Sənaye Parkında görüş keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) verilən məlumata görə,
Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenkonun da iştirak etdiyi
görüşdə İZİA İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov qonaqlara
ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud
biznes imkanları, investisiya mühiti barədə məlumat verib, sənaye zonalarının
təqdimatı göstərilib.
Görüş çərçivəsində ODA ilə İZİA arasında əməkdaşlıq əlaqələrinin qurulması,
birgə biznes layihələrinin reallaşdırılması, hər iki ölkənin sənaye zonalarında
fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında qarşılıqlı təcrübə
mübadiləsinin aparılması imkanları müzakirə edilib. Moldovalı iş adamları
sənaye zonalarında, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yaradılan
sənaye parklarında mövcud əlverişli investisiya imkanlarından yararlanmağa
dəvət ediliblər.
Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə tanış olublar.