“Molla Nəsrəddin”in birinci sayının nəşrindən 118 il ötür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Aprelin 7-də Azərbaycanın və Yaxın Şərqin ilk satirik-yumoristik jurnalı olan
“Molla Nəsrəddin”in birinci sayının nəşrindən 118 il ötür.
Dərginin ilk nömrəsi 1906-cı ilin aprelin 7-də Gürcüstanın paytaxtı Tbilisidə
işıq üzü görüb.
1906-17-ci illərdə Tbilisidə, 1921-ci ildə Təbrizdə, 1922-31-ci illərdə Bakıda
nəşr edilib.
Təsisçiləri Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və maarifpərvər tacir
Məşədi Ələsgər Bağırzadə, müdiri və baş mühərriri (redaktoru) Cəlil
Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tbilisidə, səkkizi
Təbrizdə, 400-ü Bakıda) çıxıb.
Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadə 1906-cı il fevralın 21-də Tiflis
qubernatoruna ərizə ilə müraciət edərək “Molla Nəsrəddin” adlı
satirik-yumoristik jurnal çıxarmasına icazə istəyib. Bu təşəbbüsü o zaman
Qafqazda Rusiyanın digər yerlərində çıxan Azərbaycan, rus və tatar qəzetləri
bəyəniblər, bu barədə xəbərlər yayılıb.
“İrşad”, “Həyat”, “Tərcüman”, “Vozrojdeniye”, “Kaspi”, “Baku”, “Novoye
obozreniye”, “Kavkazskoye utro”, “Na povorote” qəzetləri “Molla Nəsrəddin”i
çıxarmaq təşəbbüsü barədə oxuculara xəbər veriblər.
Jurnalın nəşrinə icazə verilməsi haqqında xəbəri ilk dəfə 1906-cı il fevralın
24-də “Novoye obozreniye” qəzeti, fevralın 26-da “Kavkazskoye utro” qəzeti,
martın 1-də isə “Kaspi” qəzeti dərc edib.
Martın 4-də jurnalı çıxarmaq üçün Mirzə Cəlilə Tiflis qubernatoru dəftərxanası
tərəfindən şəhadətnamə verilib.
Tiflis qubernatoru dəftərxanası tərəfindən verilən şəhadətnamədə jurnalın
məqalələr, kəskin tənqidlər, felyetonlar, məzhəkəli şeirlər, məzəli
teleqramlar, satirik hekayələr, lətifələr, poçt qutusu, məzhəkəli elanlar,
xüsusi elanlar və karikaturalar və illüstrasiyalar proqramları müəyyənləşib.
Müəyyən olunmuş bu proqrama uyğun şəkildə Cəlil Məmmədquluzadə və Ömər Faiq
Nemanzadə jurnalın ilk sayını çapa hazırlayıblar. Jurnalın ilk nömrəsi 1906-cı
il aprelin 7-də çıxıb.
Jurnalın 7 aprel tarixli ilk sayında Mirzə Cəlilin “Molla Nəsrəddin” imzası
ilə “Tiflis 7 aprel” sərlövhəli baş məqaləsi, “Məcmuəmizə müştəri olanlara
nəsihət”, “Molla Nəsrəddinin teleqramları”, “Bilməli xəbərlər”, “Dəllək”,
“Atalar sözü” və digər yazılar, həmçinin dörd müxtəlif karikatura və bir neçə
elan dərc olunub.
Jurnalın birinci nömrəsi 1 000 nüsxə tirajla çap olunub yayılandan sonra az
müddətdə “Molla Nəsrəddin” populyarlaşdı. “Molla Nəsrəddin”in cəsarətli
çıxışları onunla nəticələndi ki, 1907-ci ilin iyunun 8-də Tiflis
general-qubernatoru jurnalın bağlanması haqqında əmr verir və bu xəbər xalq
arasında böyük narazılıqlara səbəb oldu. Bakıdan, Şəkidən, Qafqazın bir sıra
başqa yerlərindən Tiflis qubernatorluğuna jurnalın nəşrinin bərpasını tələb
edən məktublar gəlirdi.
Qəzetlər etiraz bildirən məktublar çap edirdilər. “İrşad” qəzeti “belə düz
məsləkli qəzetin meydandan çıxarılmasına” təəssüfləndiyini bildirib. Qəzetdə
Ömər Faiq Nemanzadənin “Molla Nəsrəddin” sərlövhəli məqaləsi çap olunub.
Müəllif jurnalın bağlanmasına səbəbkar olan mühafizəkar və cəhalətpərəst
ruhaniləri kəskin tənqid edirdi. Hökumət xalqın tələbləri qarşısında jurnalın
bərpasına icazə verir.
Jurnal fasilələrlə çap olunmağa davam edir.
Uzun fasilədən sonra jurnal 1917-ci il fevralın 9-dan çapını yenidən bərpa
edir.
Rus imperiyası daxilində baş verən inqilabi proseslər, xalqların öz
müqəddəratını təyinetmə arzuları “Molla Nəsrəddin”çiləri, o cümlədən
C.Məmmədquluzadəni düşündürməyə bilməzdi. C.Məmmədquluzadənin 1917-ci ilin
noyabrında dərc olunan “Azərbaycan” məqaləsi bu istəkdən doğurdu.
1918-ci ilin yanvarında ictimai-siyasi vəziyyətlə əlaqədar olaraq jurnal
yenidən nəşrini dayandırdı. Mirzə Cəlil 1918-20-ci illərdə yoldaşı Həmidə xanım
Cavanşirlə birlikdə Qarabağa getdi və bir müddət Kəhrizli kəndində yaşadı. Xalq
Cümhuriyyəti quruculuğu prosesində bilavasitə iştirak etməsə də, o, müstəqil
dövlətçilik ideyasını dəstəkləyirdi.
1920-ci ildə Cəlil Məmmədquluzadə öz ailəsi ilə köçüb Cənubi Azərbaycana getdi
və 1921-ci ilin fevralında “Molla Nəsrəddin”in nəşrini Təbrizdə yenidən bərpa
etdi. Təbrizdə jurnalın 8 nömrəsi işıq üzü gördü. Sovet hökumətinin təşəbbüsü
ilə 1922-ci ilin iyununda “Molla Nəsrəddin”in nəşri Bakıya köçürüldü və jurnal
1931-ci ilə qədər burada dərc olundu.