Monqolustandakı yeni səfirimiz etimadnaməsini təqdim edib

Monqolustandakı yeni səfirimiz etimadnaməsini təqdim edib

Baxış sayı: 2. 370 dəfə baxılıb.

Azərbaycanın Monqolustanda yeni təyin olunmuş səfiri Rəmzi Teymurov etimadnaməsini Monqolustan prezidenti Xaltmaaqiyn Battulqaya təqdim edib.

ÇıxışYolu.Com xəbər verir ki, etimadnamənin təqdimetmə mərasimindən sonra keçirilən görüşdə prezident Xaltmaaqiyn Battulqa yaxın tarixdə Azərbaycan və Monqolustan arasında əlaqələrin sıx olduğunu, müasir dövrdə ikitərəfli əlaqələrin inkişafı üçün imkanların geniş olduğunu qeyd edib.

Səfir R.Teymurov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Monqolustan prezidentinə çatdırıb. İkitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı təmasların əhəmiyyətli olduğunu diqqətə çatdıran diplomat bu çərçivədə ölkə başçıları arasında ötən ilin sonunda baş tutmuş telefon danışığının, həmçinin Monqolustan xarici işlər nazirinin martda Bakıya işgüzar səfərinin əməkdaşlığımızın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Səfir hazırda ikitərəfli ticarət əlaqələrinin mövcud potensialı əks etdirmədiyini, bu sahədə əlaqələrin inkişafının vacibliyini, xüsusilə kənd təsərrüfatı, enerji və turizm sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib.

Prezident Xaltmaaqiyn Battulqa, öz növbəsində, onun da salamlarının prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. O, ticarət sahəsində əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə iyunda Ulan-Batorda Azərbaycan-Monqolustan biznes forumunun keçirilməsini təklif edib.

R.Teymurovun Monqolustanın xarici işlər naziri Damdin Tsoqtbatar, xarici işlər nazirinin müavini Batmunx Batsetseq, Təhsil, Mədəniyyət, Elm və İdman Nazirliyinin dövlət katibi Lxaqva Tsedevsuren, Milli Ticarət və Sənaye Palatasının prezidenti Lxaqvacav Baatracav ilə də keçirdiyi görüşlərdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

www.ÇıxışYolu.Com