06269bb3-4959-4a80-96c7-16267ac2919a.jpg

Montellalı Türkiyə millisinin ilkləri – “Kaspi”nin TƏHLİLİ

Baxış sayı: 215 dəfə baxılıb.

Futbol üzrə Türkiyə milli komandası Avropa çempionatından sonra uğurlu
çıxışını davam etdirir. “Ay-ulduzlu” yığma UEFA Millətlər Liqası çərçivəsində C
Liqasının dördüncü qrupunda məğlubiyyətsiz irəliləyir. Dörd turda üç qələbə
əldə edən və bir dəfə heç-heçəyə razılaşan komanda 10 xalla vahid liderdir.
İtalyan Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv ən yaxın izləyicisi
Uelsi iki xal qabaqlayır və qrup lideri olmağa çox yaxındır. İslandiyanı 3:1 və
4:2, Monteneqronu 1:0 məğlub edən Türkiyə səfərdə Uelslə heç-heçə edib. Komanda
buraxdığı üç qola səkkizi ilə cavab verib.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Montella ilə nail olunan ilklər

Türkiyə yığmasının uğurlu çıxışında əsas amillərdən biri baş məşqçidir.
Vinçentso Montella bu posta keçən ilin sentyabrında gətirilib. Ölkəsində
“Roma”, “Milan”, “Fiorentina”, İspaniyada “Sevilya”nı çalışdıran italiyalı
mütəxəssis qonşu ölkəyə də yad deyildi. O, Türkiyədə “Adana Demirspor”un baş
məşqçisi olmuş və işi ilə rəğbət qazanmışdı. “Ay-ulduzlu” yığma 50 yaşlı
məşqçinin rəhbərliyi altında 17 oyuna çıxıb və bunların doqquzunda qələbə
qazanıb. Beş məğlubiyyətdən isə cəmi ikisi rəsmi oyunlarda qeydə alınıb. Həmin
qarşılaşmalarda komanda Niderland və Portuqaliya kimi güclü rəqiblərə yenilib.

Montellanın rəhbərliyi altında Türkiyə yığması bir sıra ilklərə imza atıb.
“Ay-ulduzlular” AVRO-2024-ün seçmə mərhələsini qrup lideri kimi başa vuraraq
final mərhələsinə vəsiqə qazanıblar. Bununla da Türkiyə ilk dəfə böyük turnirə
qrup lideri kimi getmək haqqı qazanıb. Montella komandanı nüfuzlu turnirin
final mərhələsinə yüksəldən ilk qeyri-türk mütəxəssis olmaqla yanaşı, komandanı
¼ finala yüksəltmək uğuruna da imza atıb. Üstəlik, Türkiyə Avropa çempionatında
ilk dəfə üç qələbə qazanmağı bacarıb. Ümumiyyətlə, AVRO-2024-də beş oyun
keçirən komanda bunların cəmi birində məğlub olub.

Türkiyə Montellanın öndərliyində bir sıra uğursuz seriyaya da son qoyub.
Kollektiv bir neçə gün əvvəl tarixində ilk dəfə İslandiyanı səfərdə məğlub
edib. Komanda buna qədər Şimali Avropa ölkəsində çıxdığı yeddi oyunun altısında
məğlub olmuşdu. Almaniya üzərində 72 il sonra əldə edilən səfər qələbəsi,
Latviyaya qarşı ilk ev qalibiyyətini də bu sıraya aid etmək olar.

Keyfiyyətli və formada olan heyət

Montellanın fəaliyyəti hər nə qədər rəğbət doğursa da, Türkiyə millisinin
heyətinin də yaxşı nəticələr üçün uyğun keyfiyyətə sahib olduğu qeyd
edilməlidir. Komandanın əksər üzvləri Avropanın tanınmış klublarında əsas heyət
üzvüdürlər. Hakan Çalhanoğlu son illərdə qitənin ən güclülərindən olan
“İnter”in əsas liderlərindən hesab olunur. Kenan Yıldız bu mövsümdən
“Yuventus”un əvəzedilməz oyunçularındandır və ona 10 nömrəli formanın verilməsi
də Turin təmsilçisinin gənc oyunçuya inamının götəricisidir. Türkiyə futbolunun
əsas ulduzu hesab edilən Arda Güler ötən mövsümlə müqayisədə artıq “Real
Madrid”də daha çox şans qazanır və oynadığı müddət ərzində effektivliyi ilə
diqqət çəlkir. Zeki Çelik “Roma”da stabil çıxış edir. Bu yay “Brayton”a
transfer olunan Ferdi Kadıoğlu artıq heyətdə yerini tapmaqdadır. Kerem
Aktürkoğlu isə “Benfika”ya transferindən dərhal sonra diqqətləri üzərinə çəkə
bilib. Hər oyun qol və ya assistlə yadda qalmağı bacaran vinger azarkeşlərin
sevimlisinə çevrilib. Onunla eyni komandada çıxış edən Orkun Kökçü də əsas
fiqurlardandır.

Vinçentso Montella potensialı yüksək olan heyətdən yaxşı yararlanmağı bacarır.
Son illərdə Türkiyə futbolunda əsas problem məhz məşqçilərin oyunçulardan
maksimumu ala bilməməsi idi. Görünür, komandada bu çatışmazlıq məhz Montellanın
sayəsində aradan qalxıb. İndi Türkiyə millisi daha inamlı çıxış edir, baxımlı
futbol göstərir, istənilən rəqibə öz oyununu diktə etməyə çalışır və bu, öz
nəticəsini verməkdədir.

Qarşıda nə var?

Türkiyə yığmasının Millətlər Liqasında qrup qalibi olması demək olar ki, şübhə
doğurmur. Futbol sürprizlərə açıq olsa da, hazırkı Uels millisinin
“ay-ulduzlular”ı geridə qoyması inandırıcı görünmür. Qarşıda isə Türkiyə
yığmasını daha ciddi sınaq gözləyir. 2025-ci ilin martında 2026-cı il dünya
çempionatının seçmə mərhələsi start götürəcək. 2002-ci ildə dünya üçüncüsü olan
Türkiyə millisi ondan sonra heç bir mundiala vəsiqə qazana bilməyib. Azarkeşlər
Montellanın rəhbərliyi altında hazırkı yığmanın bu həsrətə də son qoyacağına
inanırlar. Türkiyə millisi bunun üçün bütün resurslara sahibdir.

Bəzən həm baş məşqçi, həm də futbolçulara yönələn tənqidlər olsa da, əksər
azarkeşlər hazırda komandanın çox yaxşı çıxış etdiyi fikrində həmrəydirlər.
Hazırkı heyətin əksər üzvləri gənc yaşdadırlar və onlar uzun illər formanı
geyinməyə namizəddirlər. Qarşıdakı bir neçə böyük turnirdə Türkiyə yığmasından
uğurlu çıxış gözləməyə dəyər.

Source link