Moped sürücülərinin DİQQƏTİNƏ: Yol polisindən MÜHÜM TƏKLİF
“Moped idarə edən şəxslərə sürücülük hüququnun tətbiq edilməsi və dövlət
qeydiyyatına alınmalarına dair Daxili İşlər Nazirliyi tərəfindən irəli sürülən
təkliflərin qanunvericiliyə əlavə edilməsi nəzərdə tutulur”.
Bunu Cixisyolu.com-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin
baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
O bildirib ki, bu təklif gələcəkdə moped sürənləri yol verdikləri qayda
pozuntularına daha məsuliyyətli davranmağa sövq edəcək:
“Bu, gələcəkdə kor-təbii şəkildə moped idarə edən şəxslərin ümumi istifadədə
olan avtomobil yollarında digər nəqliyyat vasitələrinə qəza şəraiti
yaratmalarını əhəmiyyətli dərəcədə azaldacaq. Onlar daha məsuliyyətli
olacaqlar. Yaxın zamanda qanunvericilikdə bu dəyişikliklərin olacağı nəzərdə
tutulub”.
Qeyd edək ki, sürücülər tez-tez moped idarə edərək kuryer xidməti göstərən
şəxslərin ehtiyatsız davranışlarından şikayətlənirlər. Bu istiqamətdə sosial
şəbəkələrdə çoxsaylı paylaşımlara da rast gəlinir.
Könül Cəfərli