Hazırda Rusiyanın Suriyanı könüllü tərk etməsinə heç bir zəmin yoxdur. Kreml iki il öncə hərbi əməliyyatlara indi geri dönmək və getmək üçün başlamayıb.
Bu fikirləri ÇıxışYolu.Com-a açıqlamasında Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru Sergey Mixeyev Rusiya mediasının Bəşər Əsədin Rusiyanı şəxsi maraqlarına görə satması və Moskvanın ondan üz döndərə biləcəyi ilə bağlı informasiyalarını şərh edərkən deyib.
“Əlbəttə, Bəşər Əsəd Moskva üçün müəyyən problemlər yaradır. Bir tərəfdən, biz qanuni formada seçilmiş prezident Əsədi dəstəkləyirik.
Yeri gəlmişkən, seçkilərin nəticələrini Qərb ölkələri də tanımışdı. Sonra isə Suriyadakı seçkiləri qanunsuz adlandırmışdılar.
Digər tərəfdən, Əsəd fiquru Suriyada daxili münaqişə baxımından büdrəmək üçün maneədir”, – politoloq deyib.
O əlavə edib ki, Rusiya bunu çox gözəl başa düşür.
“Moskva Bəşər Əsədin Suriyada ömürlük hakimiyyətinin tərəfdarı deyil. Ancaq Rusiya Suriyada terrorçuluqla mübarizənin və vətəndaş kompromisinin tərəfdarıdır. Bunun üçün də Astana və Soçidə görüşlər keçirilib”, – Mixiyev bildirib.
Politoloq əlavə edib ki, Moskva Suriyada müharibəni dayandıracaq və vətəndaş konsensusuna səbəb olacaq formul tapmalıdır.
Azərbaycanlı politoloq Elxan Şahinoğlunun Suriyadan Rusiyanın çıxarılması ilə bağlı fikirləri fərqlidir.
Onun sözlərinə görə, Rusiya hələ Bəşər Əsəd rejimindən üz döndərə bilməz, çünki Suriyanın hazırkı hakimiyyətindən imtina Kremlin imicinə zərbə olacaq.
“Həm də Əsədin dəstəklənməsinin davam etdirilməsi Kremlə yaxşı heç nə vəd etmir. Əsədə dəstəyə görə Moskva həm Qərbdə, həm də Şərqdə əməkdaşlığını itirib.
Rusiya ilə əməkdaşlıq münasibətlərində olan İsrail də Dəməşq və Tehrana dəstəyə görə Kremli tənqid edir”, – ekspert qeyd edib.
Şahinoğlu əlavə edib ki, Rusiya dalana sıxışdığı üçün Suriyanı tərk edə bilməz.
Əli Məmmədov
www.ÇıxışYolu.Com