Moskvada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın Rusiyanın paytaxtı Moskvadakı səfirliyində 20 Yanvar faciəsinin
34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Report”un Rusiya bürosu xəbər verir ki, əvvəlcə Azərbayanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu, səfirliyin və Heydər Əliyev Fondunun Rusiyadakı
nümayəndəliyinin əməkdaşları, Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiç,
Moskvada akkreditə olunmuş digər diplomatik missiyaların diplomatları, yerli
ictimaiyyətin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və
diasporumuzun nümayəndələri Ümummilli Lider Heydər Əliyevin səfirliyin
binasındakı barelyefi, 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş
bannerin önünə gül dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla yad
ediblər.
Tədbirdə çıxış edən Polad Bülbüloğlu bildirib ki, bu gün xalqımız 34 il əvvəl
Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin
xatirəsini yad edir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə başda Mixail
Qorbaçov olmaqla, SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun bölmələri
Bakıya soxularaq, dinc əhalini kütləvi şəkildə qətlə yetiriblər. Bu hadisələr
Azərbaycan tarixinə əbədi olaraq “Qara Yanvar” kimi daxil olub:
“SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı ayrıseçkilik siyasətinə, indiki
Ermənistan ərazilərindəki tarixi torpaqlarımızdan yüz minlərlə azərbaycanlının
deportasiyasa olunmasına, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi
iddialarına etiraz edən geniş xalq kütləsinə qarşı sovet ordusunun iri hərbi
hissələrinin yeridilməsi dəhşətli faciəyə səbəb oldu”.
Bakıda ən amansız aksiyalar nəticəsində cəmi bir gecədə onlarla günahsız insan
şəhid olub, xeyli sakin ağır yaralanıb, bir neçə nəfər isə itkin düşüb.
P.Bülbüloğlu diqqətə çatdırıb ki, 1990-cı il yanvarın 21-də Ümummilli Lider
Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinin binasına gələrək, mətbuat konfransı keçirib, baş vermiş
vəhşilikləri kəskin şəkildə pisləyərək, bunları dinc əhaliyə qarşı terror
adlandırıb. Ulu Öndər Azərbaycan xalqı ilə həmrəy olduğunu nümayiş etdirərək,
hadisənin təşəbbüskarları və icraçılarının cəzalandırılmasını tələb edib.
Səfir xüsusilə vurğulayıb ki, 1994-cü ilin fevralında Milli Məclisin
növbədənkənar iclasında Heydər Əliyev ölkə rəhbərliyinə qayıdışından sonra
1990-cı il yanvarın 20-də günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi
hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, 1994-cü ilin martında “1990-cı
il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul
edilib, 20 Yanvar Azərbaycanda Milli Hüzn Günü elan edilib.
Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan verilib.