2015-ci ilin dekabrında həmyerlisini öldürməkdə ittiham olunan Azərbaycan vətəndaşı 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, həbs cəzasını Azərbaycanda çəkəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Rusiya Federasiyasının Moskva vilayətinin prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
“2015-ci il dekabrın 30-da Azərbaycan Respublikasının vətəndaşı Moskva vilayətinin Mıtişinsk rayonu ərazisində şəxsi münaqişə zəminində həmyerlisini bıçaqlayaraq öldürüb”, – məlumatda bildirilib.
Hadisəni törətdikdən sonra o, Rusiya Federasiyasının ərazisini tərk edib və həmin şəxslə bağlı beynəlxalq axtarış elan edilib. O, 2016-cı ildə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Azərbaycan vətəndaşı olduğu səbəbindən məhkəmə istintaqının aparılması üçün onun “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiya səbəbindən Rusiyaya ekstradisiya edilməsi mümkün olmayıb.
Cinayət işinin istintaqı Azərbaycan Respublikasının müvafiq orqanlarına göndərilib.