2dacd9e0-0004-45ef-8240-92b5a81d7c4d..jpg

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb

Baxış sayı: 576 dəfə baxılıb.

Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb

Moskvada “Hacı Zeynalabdin Tağıyev – sənayeçi və xeyriyyəçi. Rusiya və
Azərbaycan tarixində şəxsiyyətin rolu” adlı sərgi açılıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, fotosərgi Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonunda Azərbaycan Dövlət
Neft Şirkətinin törəmə şirkəti “SOCAR RUS” tərəfindən Geologiya, Neft və Qaz
Muzeyi ilə birgə təşkil olunub.

Tədbir neft və qaz sənayesi işçilərinin peşə bayramı gününə təsadüf edir.

Sərgini açan “Azərbaycan” pavilyonunun direktoru Səadət Kadırova xeyriyyəçinin
şəxsiyyətinin xüsusi diqqətə layiq olduğunu qeyd edib:

“Hacı Zeynalabdin Tağıyev mühüm humanitar layihələr həyata keçirib. O,
Azərbaycanda qızların təhsilinə xüsusi önəm verib. Bakıda onlar üçün ilk
gimnaziyanı açıb”.

Qeyd edək ki, sərgidə XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış neft
sənayeçisinin həyat yolu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş
etdirilib.

Tədbirin qonaqları onun tərcümeyi-halı və Azərbaycan neft sənayesinin tarixi
ilə daha yaxından tanış olublar.

Xatırladaq ki, məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Məhəmmədtağı
oğlu Tağıyev (1838-1924) Rusiya imperiyasının və Azərbaycanın ən iri neft
sənayeçilərindən biri olub. O, bütün həyatı boyu Bakı neft mədənlərini,
balıqçılıq və yüngül sənaye sahələrini inkişaf etdirib.

Source link