Ötən gün İngiltərənin “Tottenhem” klubu ilə müqavilə imzalayan Joze Mourinyo yeni klubunda ilk müsahibəsini verib.
ÇıxışYolu.Com xəbər verir ki, portuqaliyalı mütəxəssis xoşbəxt olduğunu, səbirsizliklə ilk sınaqlarını gözlədiyini açıqlayıb:
“Mən nə söz verə bilərəm? Əsl ehtiras. İşimə və klubuma olan ehtiras. Mən öz karyeramı belə qurmuşam. Çalışacağam ki, bu klubun pərəstişkarları xoşbəxt olsunlar. Həyəcan? O, hər zaman var. Lakin hər hansı kluba gələrək öz işini sıfırdan başlayan menecer üçün bu çox gözəldir.
İlk öncə oyunçuların keyfiyyətlərini qiymətləndirmək lazımdır. Daha sonra futbolçularla öz ideyalarımın təmas nöqtələrini tapmalıyıq. Məhz belə etmək istəyirəm və hər zaman da belə etmişəm”.
Joze Mourinyo klubun son illər əldə etdiyi nəticələrə də toxunub:
“Burada yaxşı oyunçular və oyun üslubu var. Mən bu klubun rəqibi olanda da ona hər zaman hörmət etmişəm”.
Yeni baş məşqçi “Tottenhem”in ev oyunlarını keçirdiyi meydançanı dünyanın ən yaxşılarından olduğunu bildirib.