MSK-da MDB Baş katibinin nümayəndə heyəti ilə görüş keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın
7-də keçiriləcək növbədənkənar prezidenti seçkisini izləmək üçün ölkəmizdə
səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Serqey Lebedevin
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Secki-2024.az saytı xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqları
salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. Seçkilərdə aşkarlığın və
şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını
vurğulayan sədr, rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla
əməkdaşlığa daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
O, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq
göstərməsini yüksək qiymətləndirib. Səmimi qəbula görə minnətdarlığını bildirən
MDB Baş katibi Prezident seçkisi ilə əlaqədar həyata keçirilmiş layihələr və
görülmüş işlər barədə məlumat verilməsini xahiş edib.
Sədr M.Pənahov prezident seçkisinin azad, ədalətli və şəffaf keçirilməsi
istiqamətində atılmış addımlar və reallaşdırılmış genişmiqyaslı layihələrdən
danışıb, onları maraqlandıran sualları cavablandırıb.
Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə
edilib və fikir mübadiləsi aparılıb.