e5ba6be7-2dd5-4462-8574-34c2d3b78377..jpg

MTK-larla vətəndaşlar arasında illərdir çözülməyən problem: Düzgün hesablama niyə aparılmır? – FOTO

Baxış sayı: 1. 005 dəfə baxılıb.

MTK-larla vətəndaşlar arasında illərdir çözülməyən problem: Düzgün hesablama
niyə aparılmır? – FOTO

Bu gün yeni tikililərdən mənzil alarkən ən çox üzləşdiyimiz problemlərdən biri
mənzilin sahəsinin qanunda nəzərdə tutulandan çox hesablanmasıdır. Belə
vəziyyətdə həm qanun pozulur, həm də vətəndaşlar ciddi məbləğdə maddi vəsait
itirirlər.

“Kaspi”

qəzetinin mövzu ilə bağlı araşdırmasını təqdim edirik:

Yeni tikililərlə bağlı ən böyük problemlərdən biri də mənzilin sahəsinin
fərqli göstərilməsidir. Lakin bu fərqlilik hər zaman alıcının ziyanına işləyir.
Mənzil Tikinti Kooperativlərindən (MTK) müqavilə ilə mənzil alan vətəndaşlar
sonradan əmlak çıxarışı əldə edərkən əksər hallarda problemlə üzləşirlər. Çünki
müqavilədə göstərilən rəqəmlərlə çıxarışda göstərilən rəqəmlər eyni olmur.
Məsələn, yeni tikilidən mənzil alan vətəndaş 100 kvadratmetrin pulunu MTK-ya
ödəyir. Çıxarış aldıqda isə sənəddə qanuni şəkildə 85 kvadratmetr qeyd olunur.
1 kvadratmetrin qiymətini ortalama 1000 manatdan götürsək, vətəndaş 15 min
manat zərərə düşür. İllərdir bu problem davam edir və həllini tapmır. Bəs nə
üçün bununla bağlı standart müəyyən olunmur?

Eyvanın sahəsi böyük olanda müştəri uduzur

Ölkədəki qiymətləndirmə şirkətlərindən birinin rəhbəri olan Vüsal Məstəliyev
deyir ki, qiymətləndirmə zamanı mənzilin ölçüsü mübahisə yaradır:

“İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin çıxarış
vermək üçün ümumi qaydaları var. Bu qaydalara əsasən, mənzildə daxili sahələr
ölçülür və vətəndaşa ona uyğun çıxarış verilir. MTK-lar isə mənzili satanda
kvadratı çöl divardan çöl divara hesablanır. Əlbəttə ki, bu da müştərinin
ziyanınadır. Ona görə vətəndaşlar mənzil alanda çalışırlar ki, eyvanın sahəsi
böyük olmasın. Çünki eyvanın sahəsi böyük olanda da müştəri uduzur. Elə
mənzillər var ki, eyvan sahələri 25-30 kvadrat metrdir. Müştəri mənzil alanda
bu məbləği ödəyir, çıxarışda isə eyvan və arakəsmələrə görə ciddi pul itirir.
Əvvəllər eyvanın sahəsini ümumiyyətlə çıxarışa salmırdılar. İndi 0,3 və 0,5
əmsalı ilə hesablayırlar”.

Eyvan və terras azaldılmış əmsallarla hesablanır

Hüquqşünas Sabir Qəniyev deyir ki, mənzillərdə istifadə olunmayan yerlər
kvadratmetrə salınmamalıdır:

“Təəssüf ki, hazırda özəl tikinti müəssisələrindən, MTK-lardan mənzil əldə
edərkən, vətəndaşla bağlanan müqavilədə mənzilin sahəsinə divarın çöl hissəsini
də daxil edirlər. Mənzildəki eyvan sahəsi, şaxta da sahəyə vurulur. Bu
qanunsuzdur. Çünki tikinti obyektlərində sahələrin ölçülməsi qaydası var. Həmin
qayda da Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
komitəsinin kollegiyasının 4 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə
tənzimlənir. Həmin qərara əsasən, mənzilin sahəsi dedikdə, iç divarların bir
üzündən qarşıdakı divarın üzünə qədər olan məsafə nəzərə alınmaqla hesablanır.
İstifadə olunmayan yerlər kvadratmetrə vurulmamalıdır. Qaydaların 3.8-ci
bəndinə əsasən eyvan və terrasların sahələri, şüşəbənd hesablanarkən müvafiq
olaraq azaltma əmsalları tətbiq edilir. Belə ki, eyvan və terrasların sahələri
0,3, şüşəbənd və lociyalar 0,5 azalma əmsallarına vurulmaqla mənzilin ümumi
sahəsinə daxil edilir. Yəni eyvanın sahəsi 10 kvadratmetrdirsə, o demək deyil
ki, müqaviləyə 10 kvadratmetr yazılmalıdır. Çünki onlar azaldılmış əmsallarla
hesablanır”.

Məhkəməyə müraciət etməlisiniz

Hüquqşünas deyir ki, əgər MTK dövlətin qoyduğu qaydalara uyğun olaraq
hesablama aparmırsa, məhkəməyə müraciət etməlisiniz:

“Təbii ki, sizin MTK ilə bağlanan müqavilədə mənzilin sahəsi dövlətin qoyduğu
qaydalardan fərqli olaraq hesablanırsa, deməli, bu qanunsuzdur. Əlavə
ödədiyiniz vəsaitin qaytarılması və sizə dəyən mənəvi zərərin ödənilməsi ilə
bağlı məhkəməyə müraciət etməlisiniz. Bu məbləğin məhkəmə vasitəsilə tikinti
şirkətindən tutulması mümkündür, hüquqidir və qanunidir”.

Daşınmaz əmlak sahəsi baxımsız vəziyyətdədir

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, ölkədə daşınmaz əmlak sahəsi
baxımsız vəziyyətdədir. Həmsöhbətimizin sözlərinə görə, problemlərin aradan
qalxması, bununla bağlı standartın müəyyən olunması üçün müvafiq qanun
hazırlanmalıdır:

“Mənzilin sahəsinin yanlış hesablanması vətəndaşa qarşı haqsızlıqdır. Çox
sayda vətəndaş artıq bununla bağlı məhkəmələrə müraciət edib, öz hüququnu
məhkəmə vasitəsilə bərpa edə bilib. İstənilən halda vətəndaşa dəyən zərər
ödənməlidir. Çox az sayda tikinti şirkətlərini çıxmaq şərtilə, əksər binalar
satışı özünə sərf edən formada aparır”.

Tikinti şirkətləri mənzil satmamalıdır

Problemin həlli yoluna gəldikdə isə ekspert bildirir ki, tikinti şirkətləri
mənzil satmaqla məşğul olmamalıdırlar. Onların işi binanı tikib, təhvil vermək
olmalıdır:

“Tikinti şirkətləri özəl sektordur. Tutaq ki, mənzil almaq istəyirəm.
Etirazımı bildirdikdə, şirkət deyəcək ki, istəmirsən, alma. Aidiyyəti qurumlar
bu məsələni tənzimləməlidir. Problem bizdə tikinti şirkətlərinin mənzil satması
ilə bağlıdır. Tikinti şirkəti ancaq bina tikməlidir. Bu fəaliyyət normaldır,
çünki ölkədə həm ev problemini həll edirlər, həm də köhnə binaları
yeniləyirlər. Bu dövlətə bir dayaqdır. Amma satış mexanizmi onlardan
alınmalıdır. İşi hansısa rəsmi dövlət qurumu aparmalıdır ki, həm satılan ümumi
sahə, kvadratmetrlər düz olsun, həm də mənzilin bir neçə nəfərə satılması
halları aradan qalxsın”.

Source link