“MTN işi”: Keçmiş general və polkovnik 50 min manat ziyan ödəyəcək – İş adamı
məhkəmədə qalib gəldi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“MTN işi”ndə zərərçəkmiş qismində tanınan iş adamı Orxan Abdullayevin ləğv
olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş
rəisi Mövlam Şıxəliyevə və onun keçmiş müavini, eyni zamanda 1-ci şöbənin sabiq
rəisi Yasin Məmmədova qarşı mülki iddiası təmin edilib.
“Qaynarinfo” xəbər verir ki, Orxan Abdullayev Səbail Rayon Məhkəməsində
qaldırdığı iddiasında Mövlam Şıxəliyev və Yasin Məmmədovun qurama ittihamları
ilə saxlanıldığını və barəsində həbs qətimkan tədbiri seçildiyini bildirib. İş
adamı əlavə edib ki, bundan sonra adıçəkilən şəxslər onun atasından 50 000
manat alaraq barəsindəki həbs qətimkan tədbirini başqa yerə getməmək barədə
iltizam qətimkan tədbiri ilə əvəz edib.
“MTN işi” çərçivəsində Mövlam Şıxəliyev və Yasin Məmmədov həbs edildikdən
sonra Orxan Abdullayev zərərçəkmiş qismində tanınıb. İş adamı iddiasında Mövlam
Şıxəliyev və Yasin Məmmədovun atasından aldığı 50 000 manatın adıçəkilən
şəxslərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini istəyib.
Hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən iclasda iş üzrə materiallar
araşdırıldıqdan sonra Orxan Abdullayevin iddiası təmin edilib. Qətnaməyə
əsasən, Mövlam Şıxəliyev və Yasin Məmmədov iş adamına dəymiş ziyan olaraq 50
000 manat və 240 manat dövlət rüsumunun əvəzini ödəməlidir.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, Yasin
Məmmədov isə 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi
hökmü qüvvədə saxlayıb.