“İctimai” TV-nin direktoru Cəmil Quliyev öz ərizəsi ilə işdən çıxdığı üçün onu əvəz edən adam olmalıdır. Buna görə də Balaş Qasımov hazırda direktor vəzifəsini icra edir.
Bu sözləri ÇıxışYolu.Com-a Milli Televiziya və Radio Şurasının Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.
O bildirib ki, Balaş Qasımovun tutduğu vəzifə müvəqqətidir:
“Qanuna əsasən, müsabiqə keçirilməlidir. Balaş Qasımov da sənədlərini verib, müsabiqədə iştirak edə bilər. Hazırda müvəqqəti olaraq direktoru əvəz edir. Sabahdan etibarən, direktor təyini ilə bağlı sənəd qəbulu başlanacaq. Müsabiqənin qalibi kim olacaqsa, “İctimai” Televiziyanın yeni direktoru həmin şəxs olacaq”.
Qeyd edək ki, ötən həftə İTV Balaş Qasımovun yeni direktor olması xəbərini yaymışdı. Bu gün isə direktor vakansiyası üçün müsabiqə elan olunması müzakirələrə səbəb olmuşdu.