Müəlliflər VI sinif dərsliyi ilə bağlı yaranan mübahisəyə son qoydular

Müəlliflər VI sinif dərsliyi ilə bağlı yaranan mübahisəyə son qoydular

Baxış sayı: 2. 664 dəfə baxılıb.

Müəlliflər VI sinif dərsliyi ilə bağlı yaranan mübahisəyə son qoydular

VI sinif coğrafiya dərsliyinə dair mətbuatda əks olunmuş fikirlərlə bağlı müəlliflərin rəyi gecikməyib.

ÇıxışYolu.Com xəbər verir ki, məsələ ilə bağlı VI sinif “Coğrafiya” dərsliyinin müəllifləri – Nərminə Seyfullayeva, İrken Aktoprak və Yelena Şabanova münasibət bildiriblər:

“Müvafiq cümlə dərsliyin “Dünya ölkələri” hissəsində, dünya ölkələrinin coğrafi mövqeyinin müzakirəsi kontekstində yer alıb. Burada dünya ölkələrinin coğrafi mövqelərinin əlverişli-əlverişsiz olması şərh edilir və o cümlədən, misal kimi, qeyd edilir ki, “Adətən, həmsərhəd ölkələr arasındakı sərhədlər razılaşma əsasında müəyyən edilir.

Qonşu ölkələrdəki sərhədlər razılaşdırılmadıqda, onlar arasında mübahisə və münaqişələr də baş verə bilər. Məsələn, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasına Ermənistanın ərazi iddiası nəticəsində yaranıb”.

Düzü, bu fikirdə kimi nəyin qane etmədiyini müəyyən etmək çox çətindir. Özünü təhsil eksperti adlandıran şəxslər Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiasının olduğunu şübhə altına alırlar və ya bu ifadənin səhv olduğunu düşünürlər? 

Belə ki, ölkə prezidenti cənab İlham Əliyevin 26 aprel 2011-ci il tarixində Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında qeyd etdiyi kimi: “Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır”. 

“Aydındır ki, əgər bir ölkə digər ölkəyə qarşı ərazi iddiası qaldırırsa, deməli, iddia qaldıran dövlətin mövcud dövlət sərhədləri ilə razılaşmaması deməkdir. Azərbaycan dövləti və xalqı Ermənistanın beynəlxalq hüquqa zidd olan ərazi iddialarını heç vaxt qəbul etməyib və öz əzəli torpaqları uğrunda sona qədər vuruşacağını dəfələrlə bəyan edib.

Eyni zamanda, “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir”, – deyə qeyd edilib.

Qeyd edək ki, ümumtəhsil məktəbləri üçün VI sinif “Coğrafiya” dərsliyinin 43-cü səhifəsində “Adətən, həmsərhəd ölkələr arasındakı sərhədlər razılaşma əsasında müəyyən edilir. Qonşu ölkələrdəki sərhədlər razılaşdırılmadıqda, onlar arasında mübahisə və münaqişələr də baş verə bilər. Məsələn, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasına Ermənistanın ərazi iddiası nəticəsində yaranmışdır”, – cümlələrinə təhsil eksperti Kamran Əsədov münasibət bildirib.  

Ekspert mətbuata açıqlamasında deyib ki, “Azərbaycan Respublikasının dövlət sərhədi dövlətlərarası razılaşma ilə müəyyən olunmur, bu, Azərbaycan Respublikası Milli Məclisin  qərarları ilə müəyyən edilir. Bu isə o deməkdir ki,  Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.

Dərslikdə belə verilməli idi ki, Azərbaycan Respublikasının həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir. Amma bu, o demək deyil ki, sərhədlər müəyyənləşməyəndə müharibə olur. Bizim 27 ildir ki, hələ də Gürcüstanla, İranla sərhədlərimizin tam müəyyənləşmədiyi ərazilər var. Amma müharibə etmirik. Müzakirələr aparılır.

Bu faktı oxuyan şagird elə biləcək ki, Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsi iki dövlət arasında sərhədlər müəyyənləşmədiyinə görə baş verib”.