2535a807-4ff2-4680-8505-b6ba93e5997e.jpg

Müəllim şilləsindən inciməyən, atasızlığını məktəbdə unudan məşhurlarımız

Baxış sayı: 213 dəfə baxılıb.

“Oğlan uşaqları topla oynamağı sevirlər. Mənim yoxum idi. Atasız böyümüşəm.
Mənə ilk topu alan müəllimim olub…”

Heç məktəblə arası olmayan insanın belə, ən azı bir müəllimlə hansısa xatirəsi
var. Yaxşı-pis, mehriban-qəddar, sevilən-sevilməyən xasiyyətləri ilə yaddaşlara
həkk olunurlar müəllimlər. Böyüyüb bizə dərs deyən müəllimlərin yaşına çatanda
isə əvvəllər onları qoyduğumuz tərəzinin gözlərinin balansı dəyişir, kimisinə
haqq veririk, kimisini də məzəmmət edirik ki, kaş o sözü deməzdi mənə, kaş
başqa cür öyrədəydi məni…

Beynəlxalq Müəllimlər Günü ərəfəsində Cixisyolu.com-ın əməkdaşı müxtəlif peşələrdə
uğur qazanan məşhurlara üz tutub. Onların müəllimləri ilə qarşılaşma imkanı
olsa, nə deyəcəkləri, nədən narazılıq edəcəkləri ilə maraqlanıb. Sorğu
iştirakçıları da səmimi cavablarını əsirgəməyiblər.

Tərcüməçi, Xalq şairi Vahid Əziz bildirib ki, müəllim şilləsi onu heç vaxt
incitməyib:

“Müəllimlərimin hər biri mənim üçün dəyərlidir. O illərdə xoşum gəlməyən
müəllimə də, mənə şillə vuran, küncə qoyan müəllimə də minnətdaram. Çünki onlar
hamısı tərbiyə üsulu idi. İndi dəyərlər dəyişib, amma mən müəllimə verilən
dəyərin azalaraq dəyişməsini hec vaxt istəmərəm. Müəllim şilləsi məni heç
incitməyib, çünki bilmişəm ki, o şillə mənə səhvimi anlamağım üçün vurulub.
Müəllim adından şərəfli ad yoxdur. Düşünürəm ki, müəllim və əsgər bizim üçün
çox dəyərli olmalıdırlar. Əsgəri güclü, müəllimi savadlı olan millət hər zaman
qalib olacaq”.

Yazıçı, şair Seyran Səxavət isə cavanlara qibtə etdiyini deyib:

“Çünki onların müəllimləri sağdır. Müəllimlərimlə qarşılaşmaq imkanım olsa,
onlara kaş getməyəydiniz, ana qayğısı kimi şəfqətinizi yenidən dadmaq istəyərəm
deyərdim. Məndə mənfi izlər qoyan müəllimim olmayıb. Hamısının da adı
yadımdadır. Elə üzləri də. Hər birinə xüsusi rəğbətim var. Gərək cavanlar
müəllimlərinin dəyərini bilsinlər”.

Rəssam Rövşən Bayramov məktəb illərinin həsrətini çəkir.

“İlk müəllimin həyatımızda izi əvəzsizdir. O bizə elmin sirlərini, həyata
atılmağı, ana dilimizi sevə-sevə öyrədən insandır. Biz böyüsək də, fərqli
peşələrə yiyələnsək də, ilk müəllimin həyatımızda rolunu unuda bilmirik. İlk
müəllimim Həbib müəllim olub. Çox heyif, həyatda yoxdur. İndinin özündə
məktəbin önündən kecəndə o illər gözümün önündə canlanır. Kaş həmin illərə
qayıdardım”, – deyə rəssam fikirlərini bölüşüb.

Aktyor Rəşad Səfərov özü də dərs deyir və bildirir ki, öz müəllimlərini heç
vaxt məzəmmət etməzdi:

“Çox sevdiyim müəllimlərimdən bəziləri rəhmətə gedibılər. Həyatda olanlarla
isə arada görüşürəm. Mən hər zaman demişəm ki, bu həyatda nə əldə etmişəmsə,
onlara borcluyam. Onlar üçün darıxıram, burnumun ucu göynəyir. Müəllimlərimin
mənimlə fəxr etməyi mənim üçün qiymətsiz bir şeydir. Öz tələblərimə də deyirəm,
çalışın, müəllimlərinizə inanın”.

VII çağırış Milli Məclisin deputatı Azər Allahverənovun tək azərbaycanlı
deyil, bir neçə millətdən müəllimləri olub:

“Hər birini sevirəm. Təbii ki, içində xüsusi əziz olanlar var. Xatirəmdə mənfi
izlər qoyan müəllim olsa da, məzəmmət etmərəm. Çünki hər birindən çox şey
öyrənmişəm”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Cahangir
Məmmədlinin xatirələri isə çox kövrəkdir:

“Orta məktəbdə sevmədiyim müəllimim olmayıb. Balaca kənddə yaşayırdıq. Amma
böyük ürəklərə sahib müəllimlərin var olduğu bir kənddə. Məktəb evimizdən xeyli
uzaq idi, amma məktəbə aparan yol mənə müqəddəs idi. Mən atasız böyümüşəm.
Oğlan uşaqları topla oynamağı sevirlər. Mənim yoxum idi. Mənə ilk topu alan
müəllimim olub. Onların biri mənə ata, biri qardaş – yəni ailə olub. Və ailəm
qədər dəyərli, əzizdirlər. Onları heç vaxt unutmaram. Əgər məktəbdəki çox
sevdiyim müəllimlə yenidən qarşılaşmaq imkanım olsa, ona deyərdim ki, ictimai
rəydə az-çox hörmətim varsa, sizə borcluyam. Universitet illərindəki ən sevimli
müəllimimlə qarşılaşsam, ona təşəkkür edərdim ki, bu gün bu universitetdəyəmsə,
buraya bağlıyamsa, sizin sayənizdədir”.

Xalq artisti, aktyor Rasim Balayev də müəllimləri ilə qarşılaşmaq imkanı olsa,
onlara təşəkkür edərdi.

“İnsan sonradan, yaş artdıqca anlayır ki, müəllimlərindən nə qədər şey
öyrənib”, – Xalq artisti deyib.

Dəyərli müəllimləri dəyərli şagirdləri bu cür gözəl sözlərlə yad etdilər. Biz
də müasir müəllimlərimizə hər zaman gənc nəslə örnək, dayaq, çıraq olmağı
arzulayırıq! Bayramınız mübarək!

Aytac Qasımova

Source link