Bu ilin fevralında İsmayıllıda 34 yaşlı Nigar Bayramovanın ölümü ilə
nəticələnən yol-nəqliyyat hadisəsinin cinayət işi üzrə məhkəmə prosesi
keçirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N.Bayramovanın olduğu avtomobili
idarə edən 1993-cü il təvəllüdlü Elçin Əliyev cinayət işi üzrə təqsirləndirilib.
Məlum olub ki, həyatını itirən 1985-ci il təvəllüdlü Nigar Bayramova Zaqatala
şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi olub. O,
Elçinlə sevgili imiş və birgə Zaqataladan Elçinin yaşadığı İsmayıllı şəhərinə
gəliblər. Hadisə də bundan sonra baş verib. Belə ki, Elçin avtomobillə Xanəgah
kəndi ərazisində yolun əks-hərəkət istiqamətinə çıxıb və idarə etdiyi “Khazar”
markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə, xəsarət alan N.Bayramova
dünyasını dəyişib.
Araşdırmalar zamanı məlum olub ki, Elçin daha əvvəl də qəza törədib və məhkum
edilib. Onun ayağında elektron qolbaq var imiş və sürücülük hüququ
məhdudlaşdırılıbmış.
Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərhum N.Bayramovanın
atası Elçinə ağır cəza verilməsini xahiş edib: “Hadisədən 1 saat sonra mənə
məlumat verildi ki, qızım Elçinin maşınında olub, həmin maşın “Maz” markalı
maşının altına girib. Hadisə yerinin şəkilləri mənə göndərildi. Qızım mənə
İsmayıllı rayonundan Elçini bəyəndiyini demişdi. Nigara demişdim ki, həmin şəxs
2 dəfə cinayət məsuliyyətinə cəlb olunub. Həmçinin Elçinin ayağında qolbaq var,
savadsız bir adamdır, cəmiyyət arasında hörməti yoxdur. Təqsirləndirilən
şəxsdən şikayətçiyəm və ona ən ağır cəzanın verilməsini xahiş edirəm”.
Məhkəmənin hökmü ilə Elçinə 6 il 6 ay həbs cəzası verilib. Onun sürücülük
hüququ da həbsdən sonrakı 4 il üçün məhdudlaşdırılıb.