Müasir Azərbaycan poeziyasının parlaq siması: Nəbi Xəzrinin anım günüdür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu gün Azərbaycan şairi, nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist
Nəbi Xəzrinin anım günüdür.
Cixisyolu.com xatırladır ki, Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri
yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olub.
Atası kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən
olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib. Həmin il özü də dünyasını
dəyişib. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi
bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942-1943-cü illərdə İkinci dünya
müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə
1943-1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan
radiosunda diktor vəzifələrində çalışıb.
20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmır və onu
təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. “Çiçəklənən arzular”
adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunub.
O, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947-1949-cu
illərdə Leninqrad Dövlət Universitetində, 1949-1952-ci illərdə Maksim Qorki
adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. Dənizi hədsiz sevdiyindən, xəzri
küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə “Xəzri”
təxəllüsü götürüb.
1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan
Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə “Ədəbiyyat və incəsənət”
qəzeti redaksiyasında ədəbi işçi olub. O, 1958-1965-ci illərdə Azərbaycan
Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya
və radio Verilişləri Komitəsi sədrinin, 1971-1974-cü illərdə isə Azərbaycan
mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən
Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət
heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq
Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti
olub.
Nəbi Xəzri 2007-ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik
insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilib.
Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq
səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş
şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir.
İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən
və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya,
insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq
qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanıb.
Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən,
lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı,
orijinal üslubu və obrazlılığı ilə seçilir.
Şair dilimizin poetik imkanlarından ustalıqla bəhrələnərək, poeziyanın gözəl
nümunələrini yaratmaqla ədəbi dilimizin inkişafına töhfələr verib. Poeziyasının
dilinə xas olan şeriyyət, rəvanlıq və axıcılıq Nəbi Xəzri şeirlərinə
bəstəkarların müraciət etmələri üçün zəmin yaradıb. Xalqımızın tanınmış sənət
ustalarının repertuarında mühüm yer tutan bu əsərlər Azərbaycan musiqi
mədəniyyətinin inciləri sırasına daxil olub.
Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək
nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya
poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə edib. Nəbi Xəzri qələminin
məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş,
müəllifinə dramaturq kimi də şöhrət qazandırmışdır.
Nəbi Xəzri ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, tutduğu bütün
vəzifələrdə xalqımızın mədəniyyətinin inkişafı, milli sənət nümunələrinin
dünyada tanıdılması naminə qüvvə və bacarığını əsirgəməmişdir. O, otuz ildən
artıq Azərbaycan ədəbiyyatı və incəsənətinin xarici ölkələrdə təbliği
istiqamətində təqdirəlayiq xidmətlər göstərib.
Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, bir
sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət
təltiflərinə – “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
“İllər və sahillər” (1969), “Ulduz karvanı” (1979), “Nəsillər-əsrlər” (1985),
“Ağ şimşəklər”(1986), “Torpaq sənə and içirəm” (1989), “Ömür çinarından
yarpaqlar” (1995), “Əsrin qanlı laləsi” (1996) və s. kitabların müəllifidir.
Həmçinin Nəbi Xəzrinin seçilmiş əsərlərindən ibarət bir kitab 1988-ci il Piruz
Dilənçinin vasitəsi ilə ərəb əlifbasına köçürülərək Tehranda nəşr edilib.
Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət
mükafatları laureatına layiq görülüb.