Mübarizə şiddətlənir, obyektivlər böyüyür: Prezidentin İstanbul səfərinin
məqsədi – ARAŞDIRMA + FOTO
Ukraynadakı müharibənin gedişatında dəyişikliklər müşahidə olunduqca Qərblə
Rusiya bir-birinə qarşı strateji həmlələrini gücləndirir. Belə kəskin strateji
rəqabət hər iki dövləti bir-birinin nüfuz sahələrinə girməsini, orada
kəşfiyyat-siyasi fəaliyyətlərini gücləndirməsini şərtləndirir. Özünə gün
ağlamaq istəyən ölkələr isə kəskinləşən qütbləşmənin ortasında əzilməmək üçün
seçim etmək məcburiyyətindədirlər. Bu seçim daha neytral və təhlükəli risklərlə
üzləşməmək üçün yeni platformalar inşa edib, onun üzərində möhkəm dayanmaq
prinsiplərinə söykənir.
“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Elə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin İstanbul şəhərinə səfərə
gedərək həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü də eyni strateji məntiqin
paylaşılmasına əsaslanırdı. İlham Əliyevin Vahdetdin Köşkündə Türkiyə
Prezidenti ilə danışıqlarının pərdəarxası Münhen Təhlükəsizlik Konfransından
sonra baş verə biləcək hadisələrə hazırlığın koordinatlarını müəyyən etməkdən
ötrü vacib idi.
Türkiyədə gözlənilən prezident seçkiləri də həmin qaranlıq tunellərin
içərisində yer alan məsələdir. Üstəlik, ölkəyə ağır zərbə vuran silsilə
zəlzələlər Ankaraya daxili və xarici siyasətdə problemlər yaradır.
Nəzərə almaq lazımdır ki, Azərbaycan başqa bir coğrafiyaya da pəncərə açır,
söhbət İraq Kürdüstan Regionundan gedir. Bakının Şimali Kürdüstanla əlaqələrdə
temp yaratmaq cəhdləri yeni də deyil, lakin indi dəyişən dünya nizamında
praktiki aspektlərin həyata keçirilməsini aktuallaşdırır. Bu, Türkiyənin də
strateji maraqları ilə üst-üstə düşür, Bakı-Ankara-İraq Kürdüstanı üçbucağının
mahiyyəti daha genişmiqyaslı təhdidlərin önlənməsi üçün mexanizm roluna
yiyələnməlidir. Kürdüstanla əlaqələr həm energetika sahəsində əməkdaşlığı
stimullaşdırır, həm də PKK-ya qarşı mübarizənin vektorlarını müəyyən edən
təsnifat kimi dəyərləndirilir.
Proseslər, danışıqlar, gedişatlar Rusiya ilə Qərbin mübarizə ruhunu mənfi
mənada təzələyərək rəqabətin arealına böyük təsir göstərir. Hadisələri və ya
görüşləri bir-birilə əlaqələndirmək üçün digər məsələlərə də diqqət etmək
lazımdır. Məsələn, fevralın 27-28-də Rusiyanın xarici işlər naziri Sergey
Lavrov Azərbaycana səfər etdi. Onun Prezident İlham Əliyevlə və xarici işlər
naziri Ceyhun Bayramovla müzakirələrinin dərin qatları qlobal çərçivələrlə
Cənubi Qafqazda Moskvanın planlarını öndə tutmaq niyyətlərinə əsaslanırdı.
Azərbaycanın regional oyunçuluqda artan rolu, Türkiyə ilə strateji müttəfiqlik
əlaqələrinin nəticələri Rusiyanı daha diqqətli manevrlərə vadar edir. Kreml
yenidən Bakı-Ankara-Moskva triosunu canlandıraraq Qərbi Azərbaycan-Ermənistan
sülh danışıqlarından sıxışdırmağı, NATO-nun Ukraynadakı müharibədə hibrid
iştirakının qisasını almağı hədəfləyir. Azərbaycan isə Avroatlantik məkanın
təhlükəsizliyinə və bölünməzliyinə dəstək verdiyindən o, maneraların tamamilə
Rusiyanın əlində cəmləşməsində maraqlı deyil. Moskva da bunu başa düşür. Rusiya
Ermənistanın Qərbin qucağında oturub Moskvaya meydan oxumaq cəhdlərinin nəticə
verməməsi üçün Azərbaycanla əməkdaşlığı tərəfdaşlıq əsasında inkişaf etdirməkdə
maraqlıdır.
Lavrovun səfəri Azərbaycan-Ermənistan danışıqlarında Bakının xeyrinə olan sülh
modelinin Rusiyanın planında olduğunu göstərir. Hərçənd ki, Kreml hələ də oyun
quraraq mübahisəli məsələləri uzatmaq qabiliyyətini itirməyib. Ermənistan bunun
əzablarını daha çox sərhəddə çəkə bilər, çünki İrəvan Azərbaycanın delimitasiya
və Zəngəzur dəhlizinin açılması tələblərini yerinə yetirməkdən boyun qaçırır.
Məntiqlə İrəvanın belə qeyri-müəyyən davranışlarının ucları Rusiyaya da
toxunur. Ən azından bu iki səbəbə görə Moskva bu kontekstdə İrəvana qəzəblənir.
Birincisi, Azərbaycan sərhədlərin delimitasiyası üçün Rusiyanın Baş
Qərargahında saxlanılan keçmiş xəritələrə istinad edilməsində maraqlıdır.
Moskva isə bunu münasibətlərin tənzimlənməsində dominantlığını saxlamaq üçün
istifadə etməyə çalışır. İkincisi, Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat
marşrutlarında yeni nəfəslik olacaq və Rusiya tədarük yollarını əldə saxlamaq
üçün həmin layihəyə dəstək verir. Ermənistan isə Rusiyanın deyil, Qərbin
maraqlarını daha çox prioritetdə saxlayır. Bütün bunlar Moskvanın nəticə
çıxarması üçün əsasdır.
Ümumiyyətlə, Sergey Lavrovun Bakıya səfəri obyektivləri böyüdüb daha geniş
planda baxış üçün əsaslar verir. Sanki ABŞ dövlət katibi Antoni Blinken
Lavrovun səfərinə cavab olaraq Mərkəzi Asiyanın iki ölkəsinə – Qazaxıstan və
Özbəkistana turneyə çıxır. Nəzərə almalıyıq ki, Lavrov Bakıdan Ermənistan üçün
xoş olmayan mesajlar verdi, ardınca isə İrəvan parlament sədri Alen Simonyan
səviyyəsində ağı deyərək ahu-zar etdi. Məntiqlə, ABŞ Ermənistanı xilas edə
bilməyəcəyini anlayır və əvəz olaraq Rusiyanın Cənubi Qafqazdakı maraqlarının
Mərkəzi Asiya ilə bağlantılarını qoparmaq istəyir.
Beləliklə, Qərblə Rusiyanın postsovet məkanında yarışa girməsi Azərbaycan və
Türkiyəni, Türk Dövlətləri Təşkilatını daha çevik addımlar atmağa vadar
edəcək…