31007b37-c32e-43e5-8b40-1f49f015cf67..jpg

Mübariz Tağıyev: “Yalanlarını üzlərinə çırpırdım, abırsızcasına gülürdülər” – MÜSAHİBƏ + FOTO

Baxış sayı: 630 dəfə baxılıb.

Mübariz Tağıyev: “Yalanlarını üzlərinə çırpırdım, abırsızcasına gülürdülər” –
MÜSAHİBƏ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yalanlarını üzlərinə çırpırdım, abırsızcasına gülürdülər”.

Bunu Xalq artisti Mübariz Tağıyev AzVision.az a müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Mübariz müəllim, 2024-cü il incəsənətimiz üçün itkilərlə başladı. Məsələn,
Gülbahar Şükürlünü, Aygün Bəyləri itirdik. Bir sıra sənət adamlarımız
xəstələndi. Bəs sizin üçün il necə başladı?

– Keçən ilin uğurları o qədər böyük idi ki. Uzun illər boyu gözlədiyimiz
qələbə əldə edildi. Bundan böyük nə xoşbəxtlik ola bilər ki?!. Ancaq yaddan
çıxarmayaq ki, bu, oğullarımızın canı bahasına başa gəldi, şəhid verdik,
qazilərimiz var.

Doğrudur, il incəsənətimiz üçün ağrılı başladı. Həyatdır da. Bilirsiniz,
Allahın yazdığını heç kim poza bilməz. Heç kim bilmir ki, sabah nə olacaq. Əsas
odur ki, onları yaddan çıxarmayaq. Basdırdıq, ağladıq, şüvənlik etdik, sonra da
yaddan çıxıb getdilər. Bax, bu olmamalıdır. Əgər insan bir iz qoyub gedirsə,
deməli, bu, Allah vergisidir. Hər adama xas olan bir şey deyil.

– Dediniz ki, bu gündən sabaha hay yoxdur. Bəs siz başınızı yastığa qoyanda
sabaha nələri planlayırsınız?

– (Gülür) Mən heç vaxt başımı yastığa qoyanda plan qurmuram. Bütün vaxtı
beynim nəyləsə bağlı işləyir. Məsələn, düşünürəm ki, bildiklərimi tələbələrə
daha hansı formada çatdırım. Bir neçə mahnı yığılıb qalıb, onların üzərində
işləyirəm.

Digər tərəfdən də gizlətmirəm, səhhətimdə müəyyən problemlər baş verib. Yaş
öz işini görür. Virusa yoluxmuşdum. Xəstəxanaya düşdüm, müalicə aldım. Həkimlər
əllərindən nə gəlirdisə, etdilər.

– Vaxtilə Xankəndidə konsertlər vermisiniz. Bir müddət əvvəl futbolçularımız
Xankəndi stadionunda oynadı, Prezident də izlədi. Həmin vaxt nə hisslər
keçirdiniz, keçmiş günləri yada saldınızmı?

– Əlbəttə, izlədim. Rəşid Behbudov adına Mahnı Teatrı ilə dəfələrlə o zonada
olmuşam. Xankəndidə konsertlər vermişik.

Həmişə Qarabağa gedəndə fikirləşirdim ki, necə olur ki, ermənilər belə
yerləri seçib uydurma adlar qoyurlar. İrənvanda aprelin 24-də baş verən
hadisələr hamısı gözümüzün qabağında olurdu. İllər boyu bunlar fırıldaqla,
yalanla özlərinə tarix düzəldiblər. Dayandırmasaydıq, çox oyunlardan çıxardılar.

Ermənistan Dövlət Orkestrində oxuyanda ermənilər var idi ki, gözümün içinə
baxa-baxa yalan danışırdılar. Deyirdim, bəsdirin də. Yalanlarını üzlərinə
çırpırdım, abırsızcasına gülürdülər. Bəzi ermənilər deyirdilər ki, “bu millət
100 ildən bir qrılmalıdır. Bizim ayrı variantımız yoxdur”.

Dediniz tələbələriniz var, onlarla dil tapa bilirsinizmi? Sizdən razıdırlarmı?

-Tələbələrimin məndən razı qalıb qalmadığını deyə bilmərəm. Onların işidir.
Mənim təbiətim elədir ki, heç nəyi gizlətmirəm. İllərlə nə yığmışamsa,
öyrədirəm. Onların özündən də çox şey asılıdır. Tələbələrlə yaxşı dostam. Nəvəm
yaşındadırlar. Əla münasibətimiz var.

– Yeri gəlmişkən, nəvələriniz varmı? Necə babasınız?

– 6 nəvəm var. Nəsil böyüyür. Çox yumşaq babayam. Qışqırmıram, irad tutmuram.
Yaşlarını nəzərə alıram. Düz etməyəndə sadəcə başa salıram.

– Yanvarın 31-i doğum gününüzdür. 76 yaşa necə hazırlaşırsınız?

– Gəncədə solo konsert verdim. Köklərim haradasa ora ilə bağlıdır. Fevralın
əvəllində isə Rəşid Behbudov adına Mahnı Teatrında konsert verəcəyəm. O yer
mənim üçün Rəşidi xatırladır. 20 ilim o teatrla bağlı olub. Böyük bir akademiya
idi. Bir sözlə, yeni yaşıma fəal yardıcılıqla girəcəyəm.

– Gəncliyinizdə üzgüçülüklə məşğul olmusunuz. İndi də bu ənənəni davam
etdirirsiniz? Çünki çox yaraşıqlısınız və formada qalmısınız.

– Ay qızım, heç bilmirəm nə deyim. Evdən çıxanda istəyirəm ki, ev paltarımı
dəyişməyim, bir az rahat olum. Ancaq mümkün deyil. Səhnə adamısan. Həmişə gərək
qaydasında olasan. Biri yaxınlaşıb şəkil çəkdirir, digəri xoş söz deyir. Buna
hazır olmalısan. Bütün vaxtı gərginlik içindəsən. Ancaq bu, o qədər xoşdur ki.
Bilirsən ki, varsan. Pərəstişkarların var. Səhnə adamına bundan o yana dünya
yoxdur. Biz bununla yaşayırıq.

– Xanımlardan gəncliyinizdəki kimi sevgi məktubları, mesajları alırsınızmı?

– İndi desəm ki, yox, inanarsınız? Hər bir şey olur. (Gülür) Şəbəkələrdə mahnı
paylaşanda xanımlar yazır, fikirlərini söyləyirlər. Ancaq artıq babayam mən.
Xoş sözlərin, istiliyin məzmunu dəyişib. Sevgi hisslərini hörmət əvəz edir.
Həyatdır da. Yaş ötür, müəyyən çərçivələr var ki, onu atlayıb gedə bilmərsən.

Source link